Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur- ÖZƏL

"Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi müsahibə, əslinə qalanda, təkcə görülən işlərin hesabatı deyil, həm də Naxçıvanın gələcək inkişafının necə qurulacağının göstəricisidir. Burada əsas məsələ odur ki, Naxçıvan artıq yalnız öz daxili imkanları hesabına inkişaf edən bir bölgə kimi deyil, Azərbaycanın regional imkanlarını genişləndirən mühüm strateji məkan kimi nəzərdən keçirilir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Ramil Hüseynov deyib: "Enerji təhlükəsizliyi istiqamətində görülən işlər bunun ən konkret nümunəsidir. Yeni istilik, Günəş və su elektrik stansiyalarının yaradılması ilə Naxçıvanın enerji təminatı daha da gücləndirilir və qarşıdakı mərhələdə söhbət artıq enerji idxalından yox, enerji ixracından gedir. Bu isə Naxçıvanın iqtisadi potensialının necə dəyişəcəyini göstərən mühüm məqamdır.
Digər tərəfdən, Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın qarşısında tamam yeni imkanlar açır. Çünki bu dəhliz yalnız Azərbaycanı Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qollarından birinə çevrilə bilər. Azərbaycan da buna uyğun olaraq öz ərazisində yolların və dəmir yollarının hazırlanmasını sürətləndirir.
Naxçıvan Sənaye Parkının yaradılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatına və turizmə investisiyaların artırılması isə bu prosesin iqtisadi tərəfini tamamlayır. Yəni söhbət ayrı-ayrı layihələrdən yox, bir-birini tamamlayan böyük bir inkişaf modelindən gedir.Müsahibənin ən mühüm tərəflərindən biri məhz budur: Naxçıvanın gələcəyinə bu gün görülən işlərdən daha geniş prizmadan baxılır. Burada təhlükəsizlik var, enerji var, nəqliyyat var, sənaye var, turizm var və bütün bunların mərkəzində Naxçıvanın strateji mövqeyi dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31