Naxçıvan üçün qurulan yollar Azərbaycanı inkişaflı gələcəyə aparan yollardır
15:59 Siyasət"Naxçıvan yenidən tarixin böyük yollarının kəsişdiyi məkana çevrilir. Lakin bu dəfə söhbət yalnız qədim İpək Yolunun coğrafiyasından getmir. Söhbət XXI əsrin nəqliyyat, enerji və kommunikasiya xəritəsində Naxçıvana yeni rol qazandırmaqdan gedir. Prezident İlham Əliyevin Naxçıvana son səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər bu baxımdan xüsusi diqqət çəkir. Çünki burada söhbət təkcə görülən işlərdən deyil, Naxçıvanın gələcəyinin necə təsəvvür edildiyindən gedir".
"Olaylar" xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: "Bu səfər bir daha göstərdi ki, Azərbaycan dəyişən dünyanın çağırışlarına yalnız reaksiya vermir. "Ölkə yeni reallıqları əvvəlcədən görməyə, həmin reallıqlara uyğun infrastruktur qurmağa və yaranan imkanları milli maraqlara çevirməyə çalışır. Naxçıvan isə bu strategiyanın ən parlaq nümunələrindən biridir. Uzun illər Naxçıvanın coğrafi mövqeyi müəyyən mənada onun üçün məhdudiyyət yaradan amil kimi təqdim olunurdu. Azərbaycanın əsas hissəsindən ayrı düşməsi nəqliyyat və logistika baxımından əlavə çətinliklər yaradırdı. İndi isə həmin coğrafi xüsusiyyət getdikcə üstünlüyə çevrilir. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının bərpası, Zəngəzur dəhlizinin işə düşməsi və Naxçıvan dəmir yolunun yenidən tam gücü ilə fəaliyyət göstərməsi bu ərazini regional yolların mühüm qovşaqlarından birinə çevirə bilər.
Prezident İlham Əliyevin səfər zamanı dəmir yolunun perspektivləri ilə bağlı açıqladığı rəqəmlər də bunun miqyasını göstərir. Hazırda Naxçıvan dəmir yolunun təxminən 1,5 milyon ton yükdaşıma qabiliyyətinin olduğunu bildirən Prezident perspektivdə bu göstəricinin ən azı 15 milyon tona çatdırılmasının qarşıya məqsəd qoyulduğunu vurğuladı.
15 milyon ton yük o deməkdir ki, Naxçıvanın ətrafında yeni logistika mərkəzləri, anbar kompleksləri, istehsal müəssisələri, xidmət sahələri və ticarət infrastrukturu formalaşacaq. İqtisadi fəallıq artacaq, yeni iş yerləri yaranacaq. Prezidentin uzaqgörən siyasətinin və həyata keçirdiyi strategiya nəticəsində Naxçıvan yolun kənarında deyil, yolun mərkəzində yer alacaq. Bu baxımdan da Naxçıvanın gələcək əhəmiyyətini yalnız Zəngəzur dəhlizi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər də məhz bu geniş mənzərəni ortaya qoyur. Naxçıvan bir tərəfdən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm qolu, digər tərəfdən isə Şimal-Cənub marşrutunun yeni istiqamətlərindən biri ola bilər".
F. İbrahimli əlavə edib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan vasitəsilə İrana, oradan Fars körfəzinə çıxış üçün əlavə dəmir yolu bağlantısı yaranacaq: "Bu isə Şimal-Cənub xəritəsini də genişləndirə bilər. Fars körfəzi üzərindən daha cənub istiqamətlərinə, o cümlədən Pakistan və gələcəkdə Hindistan bazarlarına çıxış perspektivi Naxçıvanın əhəmiyyətini daha da artırır. Beləliklə, Naxçıvan yalnız Azərbaycanın əsas hissəsi ilə əlaqələndirilən bir ərazi olmayacaq. Naxçıvan müxtəlif istiqamətlərdən gələn yolların birləşdiyi regional logistika qovşağına çevriləcək. Bu mənada Prezidentin səsləndirdiyi mühüm fikir xüsusi diqqət çəkir: Azərbaycanın açıq dənizlərə və okeanlara birbaşa çıxışı olmasa da, Avrasiyanın əsas nəqliyyat dəhlizləri qurularkən Azərbaycanın "yan keçilməsi" mümkün olmamalıdır".
Deputat həmçinin qeyd edib ki, Prezidentin Naxçıvan səfərinin ən mühüm mesajlarından biri də məhz budur: "Azərbaycan gələcəyin tələbatını bu gündən hesablayır. Naxçıvanın yüksəlişi Azərbaycanın yüksəlişidir. Bu baxımdan Naxçıvanın gələcək inkişafı əslində Azərbaycanın geosiyasi çəkisinin daha da artması deməkdir. Məhz bu yanaşma Prezident İlham Əliyevin çevik və zamanın çağırışlarına uyğun siyasətinin Naxçıvan nümunəsindəki ifadəsidir. Naxçıvanda həyata keçirilən layihələrə yalnız bir inzibati ərazinin inkişaf proqramı kimi baxmaq böyük mənzərəni kiçiltmək olardı. Burada yaradılan hər yeni yol Azərbaycanın regional bağlantı imkanlarını genişləndirir.
Zəngəzur dəhlizi, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları bir-birinə bağlandıqca Azərbaycanın xəritədəki coğrafi mövqeyi konkret iqtisadi və siyasi üstünlüyə çevriləcək. Naxçıvan isə bu böyük xəritənin ən mühüm nöqtələrindən biri olacaq.Bir vaxtlar karvan yollarının keçdiyi bu qədim torpaq indi XXI əsrin dəmir yollarının, avtomobil magistrallarının, enerji xətlərinin və rəqəmsal kommunikasiyalarının qovşağına çevrilmək yolundadır.
Prezident İlham Əliyevin Naxçıvan səfərinin əsas mesajı da məhz budur: Azərbaycanın gələcəyi yalnız mövcud imkanların qorunması ilə deyil, yeni imkanların indidən yaradılması ilə qurulur. Naxçıvan üçün qurulan yollar əslində Azərbaycanın gələcəyə gedən yollarıdır. Və bu yolun son dayanacağı yalnız Naxçıvan deyil, Avrasiyanın böyük iqtisadi məkanıdır".