ABŞ-nin Cənubi Qafqaz siyasəti dəyişir: Erməni lobbisinin Ağ Evə təsiri sıfırlanıb – ÖZƏL

"ABŞ-də fəaliyyət göstərən erməni diasporunun Ağ Evin xarici siyasət kursuna müəyyən təsir imkanlarının olması inkarolunmaz reallıqdır. Adətən erməni lobbi qurumları ABŞ-nin Cənubi Qafqaz siyasətinə təsir göstərməyə və Vaşinqtonun Azərbaycanla münasibətlərinin pozulmasına yönəlmiş fəaliyyətləri ilə diqqət çəkirlər. Lakin hazırkı mərhələdə erməni diasporunun Ağ Evə təsiri demək olar ki, sıfırlanıb".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Tramp administrasiyası erməni diasporunun tənqidlərinə, tələblərinə və təzyiqlərinə faktiki olaraq əhəmiyyət vermir. Hətta demək olar ki, onları görməzdən gəlir. Tramp administrasiyası erməni diasporu ilə deyil, Paşinyan hakimiyyəti, yəni Ermənistan dövləti ilə münasibətlər qurmağa üstünlük verir. Eyni zamanda, Vaşinqton Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə və onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə böyük önəm verir. Bu səbəbdən indiki mərhələdə erməni diasporunun ABŞ-nin xarici siyasətinə, o cümlədən Cənubi Qafqaz siyasətinə təsir imkanları olduqca məhduddur. Adətən erməni diasporu ABŞ-də demokratlar hakimiyyətdə olduğu dövrlərdə daha güclü təsir imkanlarına malik olur. Çünki erməni diasporunun və ümumilikdə erməni faktorunun əsas siyasi himayədarları kimi daha çox Demokratlar Partiyasının təmsilçiləri çıxış edirlər. Bu siyasi qüvvə uzun illər ərzində erməni iddialarının əsas dəstəkçilərindən biri olub. Ona görə də demokratların hakimiyyətdə olmadığı indiki dövrdə erməni diasporunun ciddi uğur qazana biləcəyi inandırıcı görünmür. Üstəlik, erməni diasporu vaxtilə seçkilərdə demokratları, xüsusilə Bayden administrasiyasını fəal şəkildə dəstəklədiyindən, Tramp administrasiyasının onları əvvəlki qədər əhəmiyyətli lobbi qrupu kimi qəbul etmədiyi müşahidə olunur. Hazırda Tramp administrasiyasını daha çox Azərbaycanla yüksək səviyyəli münasibətlərin qurulması, həmçinin Cənubi Qafqazda yeni geoiqtisadi, geostrateji və geosiyasi layihələrin reallaşdırılması maraqlandırır. Bu baxımdan erməni diasporunun böhtan xarakterli və məntiqsiz hesab edilən iddia və tənqidləri Ağ Evin Cənubi Qafqaz siyasətinə ciddi təsir göstərə bilməz.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31