ANCA-nın 907-ci maddə tələbi: “Erməni lobbisinin məqsədi Azərbaycan-Ermənistan normallaşmasına mane olmaqdır” ÖZƏL

ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin əsas təşkilatlarından biri olan ANCA-nın icraçı direktoru Aram Hamparyan Tramp administrasiyasını Azərbaycana münasibətdə siyasətinə görə tənqid edib. O, 907-ci maddə üzrə məhdudiyyətlərin dayandırılmasına etiraz edərək, bunun davam etdirilməsini və Azərbaycana yardım göstərilməməsini tələb edib.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Amerikada fəaliyyət göstərən erməni təşkilatları, xüsusilə də ANCA, Cənubi Qafqazdakı  proseslərdə olduqca mənfi rol oynayır. Nəzərə alsaq ki, 1992-ci ildə ABŞ Konqresində qəbul olunan bədnam 907-ci düzəlişin qəbul edilməsində əsas təşəbbüskar ANCA idi. Bu təşkilat 907-ci düzəlişdən Azərbaycana qarşı bir silah kimi istifadə etməyi nəzərdə tutmuşdu və bunu davam etdirmək niyyətindədir. Uzun müddət bundan istifadə ediblər. Xüsusilə də Bayden hakimiyyəti dövründə, 2001-ci ildən moratorium qoyulmuş bu düzəliş yenidən qüvvəyə minmişdir. Keçən il, 8 avqustda Donald Tramp, ABŞ prezidenti, 907-ci düzəlişə moratorium qoymaqla Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsi istiqamətində addımların atılmasına və Azərbaycanın önəmini bilərək ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu göstərdi. Bunun ardınca da münasibətlərdə ciddi irəliləyişlər əldə edildi.
Azərbaycan və Ermənistana səfəri, burada əldə olunan razılaşmalar və ölkələrin ciddi addımlar atılması erməni diasporunu çox narahat edir. Çünki erməni diasporasının əsas təşkilatlarından biri olan bu təşkilatın, necə deyərlər, əsas gəlir mənbələrindən biri də bölgədə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti yeritməklə özünü ayaqda tutmaq cəhdləridir.
Şübhəsiz ki, Donald Tramp administrasiyası erməni diasporasının təsirinə daha az məruz qalır və buna qarşı daha dayanıqlıdır. Biz bunu 2016-2020-ci illərdə də görmüşdük. Bayden administrasiyasından fərqli olaraq, Tramp administrasiyası daha müstəqil və lobbilərin təsirindən daha sərbəst fəaliyyət göstərir. Hazırda ANCA-nın fəaliyyətinin zəiflədiyini düşünmürəm. Sadəcə olaraq, bu təşkilat daha çox demokratlara yaxındır və demokratlar içərisində onun daha çox tərəfdarları, maliyyələşdirdiyi qüvvələr var. Bu baxımdan, Tramp administrasiyası dövründə onların fəaliyyəti ona görə çox açıq görülmür. Biz də ciddi şəkildə işləməliyik bu məsələdə. 
Bütün hallarda bu təşkilat fərq etməz hansı üsuldan istifadə edir, çalışır ki, Azərbaycanda Ermənistanla münasibətlərin normallaşmasına, ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına mane olsun. Çünki, necə deyərlər, onların da çörəyi məhz bu siyasətdən çıxır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31