Naxçıvan Enerji Blokadasından Yaşıl Enerji Qovşağına Doğru- ÖZƏL

"Müasir Azərbaycan dövlətinin strateji iqtisadi kursunun və milli təhlükəsizlik arxitekturasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin elmi-nəzəri və praktiki irsi təməl təşkil edir. Müstəqilliyin ilk illərində geostrateji təcrid şəraitində qalan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi dayanıqlılığının təmin olunması, enerji sisteminin çöküşünün qarşısının alınması doğrudan da Ulu Öndərin müstəsna xidmətlərinin nəticəsidir. 1990-cı illərin başlanğıcında muxtar respublikanın xarici aləmlə kommunikasiya xətlərinin kəsilməsi və tam enerji blokadasına məruz qalması regionu dərin humanitar və iqtisadi tənəzzüllə üz-üzə qoymuşdu. Məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən fövqəladə tədbirlər və çevik diplomatik gedişlər Naxçıvanın enerji müstəqilliyinin ilk sütunlarını formalaşdırdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: 

"Mövcud inkişaf dinamikasının elmi-tarixi mahiyyətini dərk etmək üçün Heydər Əliyevin Naxçıvanın enerji blokadası dövründəki fəaliyyətinə və çıxışlarına nəzər salmaq vacibdir. Ulu Öndər bölgənin işıqsız və qazsız qaldığı ağır illərdə enerji təminatını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirərək bildirmişdi: "Naxçıvanın elektrik enerjisi ilə əsaslı və dayanıqlı təminatı bizim üçün həyati əhəmiyyət kəsb edir və bu çətinliyi aradan qaldırmaq üçün bütün imkanlar yerin dibindən də olsa tapılmalı və səfərbər olunmalıdır." 
Həmin dövrdə diplomatik imkanlar hesabına qonşu dövlətlərlə çəkilən enerji xətləri muxtar respublikanı tam tənəzzüldən xilas edən əsas amil oldu.

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Naxçıvana reallaşdırdıqları yüksəksəviyyəli səfər bu tarixi irsin keyfiyyətcə yeni, bərpaolunan enerji erasında inkişaf etdirildiyini nümayiş etdirir. Səfər çərçivəsində təməli qoyulan və istifadəyə verilən infrastruktur obyektləri, habelə yaşıl enerji layihələrinin gedişatı ilə tanışlıq Naxçıvanın daxili tələbatını tam ödəyən regiondan beynəlxalq enerji bazarlarına inteqrasiya edən strateji mərkəzə transformasiya olunduğunu təsdiqləyir. Dövlət başçısının həyata keçirdiyi energetika siyasəti Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkənin əsas yaşıl enerji zonası elan etməklə muxtar respublikanın iqtisadi potensialına yeni impuls verir. Bu çərçivədə günəş, su və külək stansiyalarının inşası, xarici investisiya qoyuluşlarının təşviqi və enerji şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması birbaşa ölkə rəhbərliyinin xüsusi diqqətində olan prioritet istiqamətdir.

Dövlət başçısının Naxçıvan səfərində də xüsusi olaraq qeyd edildiyi kimi, bu gün həmin tarixi dövrdə çəkilən böyük əziyyətlərin, göstərilən fədakarlıqların və uzaqgörən siyasətin əməli bəhrəsini aydın görmək mümkündür. Vaxtilə kəskin enerji qıtlığı ilə mübarizə aparan, qaranlığa qərq olunmuş Naxçıvan artıq daxili tələbatını yüz faiz yerli resurslar hesabına qarşılayır və Türkiyə üzərindən Avropaya yaşıl enerji ixrac etməyə hazırlaşan geoiqtisadi haba çevrilir. Həm Zəngəzur dəhlizinin enerji komponentinin formalaşdırılması, həm də irihəcmli bərpaolunan enerji layihələrinin icrası Naxçıvanın strateji çəkisini regional miqyasda əhəmiyyətli dərəcədə artırır. Həyata keçirilən bu müasir dövlət siyasəti Ulu Öndər tərəfindən təməli qoyulmuş enerji müstəqilliyi konsepsiyasının zəfərlə tamamlanan məntiqi zirvəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31