Zeynal Əmrəliyev: “Hörmüz razılaşması körfəzdə qüvvələr balansını dəyişə bilər” – ÖZƏL
14:46 Siyasətİran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. İran XİN sözçüsü İsmail Bəqayinin sözlərinə görə, razılaşma ilə bağlı birgə bəyanat son hazırlıq mərhələsindədir.
İran və Oman arasında Hörmüz boğazı üzrə əldə olunan bu razılaşma regionun geosiyasi və enerji təhlükəsizliyi baxımından hansı nəticələrə səbəb ola bilər? Bu yeni marşrut beynəlxalq dəniz daşımalarına və körfəz ölkələri arasında qüvvələr balansına necə təsir göstərə bilər?
"İran və Oman arasında bu müzakirələr uzun müddətdir davam edirdi və tərəflər arasında əldə olunan razılaşma körfəz regionunun gələcək taleyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu razılaşmanın əldə olunmasına o qədər də müsbət yanaşmırdı və İrana qarşı vahid körfəz koalisiyasının formalaşdırılmasını arzulayırdı. Bu baxımdan qeyd etmək olar ki, əldə edilən razılaşma müəyyən mənada BƏƏ-nin planlarına uyğun olmayan bir nəticədir. Buna baxmayaraq, Oman rəhbərliyi İranla anlaşmanın əldə olunmasında maraqlı idi. Çünki ümumi tariflərin müəyyənləşdirilməsi, eləcə də körfəzin gələcəyi ilə bağlı bir sıra məsələlərin iki dövlət arasında razılaşdırılması Oman üçün də strateji baxımdan əhəmiyyətlidir. Bu səbəbdən sözügedən razılaşma mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu, eyni zamanda körfəzin digər ərəb ölkələrinin də maraqlarına cavab verir. Çünki belə razılaşmalar İranın regional məsələlərdə daha konstruktiv və əməkdaşlığa açıq mövqe nümayiş etdirməsinə şərait yaradır. Bu isə bölgədən keçən enerji və neft daşımalarının təhlükəsizliyi və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, bu cür razılaşmalar region ölkələrinə də müəyyən rahatlıq verir. Əgər İran regional məsələlərdə dialoqdan uzaq dayanarsa və heç bir razılaşmaya yaxınlaşmazsa, bu, gələcəkdə ciddi problemlərə və yeni gərginliklərə səbəb ola bilər. Məhz buna görə də Omanla İran arasında hazırda əldə olunan razılaşma müəyyən mənada körfəz regionunda sabitliyin möhkəmləndirilməsinə xidmət edən addım kimi qiymətləndirilə bilər.
"Ümumiyyətlə, İranla münasibətlər kontekstində Oman xüsusi əhəmiyyətə malik ölkələrdən biridir. Oman rəhbərliyi uzun illərdir balanslı və praqmatik siyasət yürüdərək Tehranla münasibətlərin gərginləşməsinə imkan verməyib. Eyni zamanda tərəflər arasında yaranan fikir ayrılıqlarının və narazılıqların məhz danışıqlar yolu ilə həll olunması üçün Oman Sultanlığının rəsmiləri mühüm diplomatik səylər göstəriblər. Bu baxımdan Oman regionda vasitəçi rolunu uğurla yerinə yetirən və qarşıdurmadan daha çox dialoqa üstünlük verən əsas aktorlardan biri kimi çıxış edir", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova