Vaşinqtonun Ermənistan planı: Bakı geosiyasi rəqabətdə üstünlüyünü necə qoruyacaq? – ÖZƏL

"Əvvəlcə onu qeyd edim ki, ABŞ-nin TRIPP+ fonduna ayırdığı vəsaitin 201 milyon dollardan 402 milyon dollara qaldırılması təkcə maliyyə qərarı deyil, bu, Cənubi Qafqazın gələcək geosiyasi və nəqliyyat xəritəsinə yönəlmiş strateji mesaj kimi qiymətləndirilməlidir. Vaşinqton bununla göstərir ki, regionda alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılmasında daha fəal rol oynamaq niyyətindədir və Ermənistanı bu prosesdə əsas tranzit məkanlarından birinə çevirməyə çalışır".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, Ermənistanın cənubundan keçəcək marşrutun inkişafı, ilk növbədə, bu ölkənin uzun illər davam edən nəqliyyat təcridini qismən aradan qaldıra, investisiya cəlbediciliyini artıra və tranzit ölkə kimi mövqeyini gücləndirə bilər. İnfrastrukturun yenilənməsi, logistika mərkəzlərinin yaradılması və yeni iqtisadi layihələrin həyata keçirilməsi Ermənistan üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, bu layihənin uğuru regionda sabitlikdən, qonşu dövlətlərlə münasibətlərdən və siyasi etimaddan birbaşa asılı olacaq. Digər tərəfdən, burada müəyyən risklər də mövcuddur. Əgər bu layihə regional əməkdaşlıq platforması deyil, geosiyasi rəqabət alətinə çevrilərsə, bu, Cənubi Qafqazda yeni qarşıdurma elementləri yarada bilər. Nəqliyyat layihələri heç vaxt yalnız iqtisadi məzmun daşımır. Onlar eyni zamanda siyasi təsir, təhlükəsizlik və beynəlxalq nüfuz məsələləridir. Buna görə də layihənin hansı prinsiplərlə həyata keçiriləcəyi xüsusi əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, Azərbaycan baxımından məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır. Rəsmi Bakı uzun illərdir ki, regionun əsas nəqliyyat və logistika mərkəzidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər iri layihələr Azərbaycanın artıq formalaşdırdığı strateji üstünlüklərdir. Bu baxımdan, TRIPP+ fondunun maliyyəsinin artırılması Azərbaycanın mövqeyini avtomatik zəiflətmir. Əksinə, bu, regionda rəqabətin artdığını və yeni layihələrin gündəmə gəldiyini göstərir. Bununla yanaşı, ABŞ-nin bu addımı Bakıya müəyyən siyasi və diplomatik mesajlar da verir. Vaşinqton Cənubi Qafqazda balanslı iştirakını genişləndirmək, Ermənistanın iqtisadi dayanıqlığını artırmaq və yeni nəqliyyat marşrutlarının inkişafını dəstəkləmək istəyir. Azərbaycan isə bu şəraitdə öz üstünlüklərini qorumaq üçün çoxtərəfli diplomatiyanı, regional əməkdaşlığı və beynəlxalq tərəfdaşlarla əlaqələri daha da gücləndirməlidir.

"Ən vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı inkişaf yalnız rəqabətlə deyil, əməkdaşlıqla mümkündür. Əgər yeni layihələr region ölkələrinin maraqlarını uzlaşdıran, beynəlxalq hüquqa və qarşılıqlı fayda prinsipinə əsaslanan formatda həyata keçirilərsə, bundan bütün tərəflər qazana bilər. Əks halda, iqtisadi layihələrin geosiyasi qarşıdurma vasitəsinə çevrilməsi nə regionun təhlükəsizliyinə, nə də uzunmüddətli inkişafına xidmət edəcək. Ona görə də Azərbaycan üçün əsas prioritet dəyişmir. Ölkəmiz regionun ən etibarlı tranzit qovşağı statusunu qorumaqla yanaşı, yeni təşəbbüsləri də diqqətlə izləməli, milli maraqlarını təmin edən çevik və prinsipial xarici siyasət kursunu davam etdirməlidir. Bu gün nəqliyyat dəhlizləri uğrunda gedən mübarizə əslində XXI əsrin iqtisadi və geosiyasi rəqabətinin əsas istiqamətlərindən biridir və Cənubi Qafqaz da bu prosesin mərkəzində yer alır", - deyə, B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31