Ərazi iddiaları Konstitusiyadan çıxarılmadan dayanıqlı sülh mümkün deyil- ÖZƏL
14:10 SiyasətAzərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəa çıxarılmalıdır. Onun sözlərinə görə, bu baş verərsə, Azərbaycanın yekun sülh sazişinin imzalanması ilə bağlı heç bir problemi olmayacaq və hazırda regionda faktiki dinc vəziyyət mövcuddur.
Ermənistan Konstitusiyasından ərazi iddiaları ilə bağlı müddəanın çıxarılması sülh sazişinin imzalanmasını nə dərəcədə sürətləndirə bilər? Yeni Konstitusiyanın qəbulu Ermənistanın Azərbaycanla münasibətlərində uzunmüddətli etimadın formalaşmasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Hikmət Hacıyev uzun müddətdən bəri Azərbaycanın səsləndirdiyi fikirləri, mövqeyi növbəti dəfə təkrarlayıb və bildirib ki, Ermənistan Azərbaycanla yekun sülhə nail olmaq istəyirsə, bunun üçün Konstitusiyasında dəyişikliklər etməli və Azərbaycana, uzun müddətdir Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bu sənəd dəyişdirilməlidir.
Əlbəttə ki, hazırda Azərbaycan cəmiyyətində bununla bağlı gözləntilər var və Ermənistanda parlament seçkilərinin keçirilməsindən sonra gözlənti ondan ibarətdir ki, seçkilərdə növbəti dəfə qələbə qazanmış Nikol Paşinyan Konstitusiya dəyişiklikləri ilə bağlı real addımlar atsın.
Hazırda Paşinyanın seçkiləri udsa da, Konstitusiya çoxluğu əldə etmədiyi üçün müəyyən problemləri var. Amma bütün bunlarla bərabər bizim gözləntimiz məhz referendumun keçirilməsi və Konstitusiyada dəyişikliklərin edilməsidir. Əgər Ermənistanda referendum keçirilərsə və Konstitusiyada dəyişikliklər edilərsə, məlum müddəalar bu sənəddən çıxarılarsa, əlbəttə ki, Azərbaycan həmişə bəyan etdiyi kimi dərhal Ermənistanla sülh müqaviləsi bağlayacaq.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgədə uzunmüddətli və dayanıqlı sülh mühitinin formalaşmasına gətirib çıxaracaq deyə düşünürük. Bunun üçün isə məhz Konstitusiyada dəyişikliklərin edilməsi vacibdir. Çünki gələcəkdə Cənubi Qafqazda, o cümlədən Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması üçün hökmən Konstitusiyada dəyişikliklər edilməli və ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmalıdır".
Zeynəb Mustafazadə