ABŞ və Çin arasında iqtisadi savaş: Dünya ticarətinə təsirləri nələr olacaq?- ÖZƏL

ABŞ son günlər Çinin bir sıra şirkətlərini sanksiya və məhdudiyyət siyahısına daxil edib. Buna cavab olaraq Çin də 6 ABŞ şirkətinə ticarət məhdudiyyətləri tətbiq edib, bəzi əməliyyatları məhdudlaşdırıb və ABŞ-yə dronlar ilə əlaqəli texnologiyaların ixracına əlavə nəzarət tədbirləri görüb.
Bu isə dünyada müzakirələrə səbəb olub.

ABŞ və Çin arasında qarşılıqlı sanksiyaların genişlənməsi qlobal iqtisadiyyata və beynəlxalq ticarətə necə təsir göstərə bilər? Bu qarşıdurmanın dərinləşməsi fonunda hansı ölkələr iqtisadi baxımdan qazanc əldə edə, hansılar isə daha çox zərər görə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" ABŞ və Çin arasında qarşılıqlı sanksiyaların genişlənməsi qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artıran əsas amillərdən biridir. Dünyanın iki ən böyük iqtisadiyyatının ticarət və texnologiya sahəsində qarşıdurmasının dərinləşməsi beynəlxalq təchizat zəncirlərinin yenidən formalaşmasına, istehsal xərclərinin artmasına və qlobal ticarət dövriyyəsinin zəifləməsinə səbəb ola bilər. Xüsusilə yüksək texnologiyalar, yarımkeçiricilər, süni intellekt, dronlar və nadir xammal bazarlarında gərginlik daha çox hiss olunacaq.
Belə şəraitdə şirkətlər istehsalı yalnız bir ölkədən asılı vəziyyətdə saxlamaq əvəzinə, alternativ istehsal və təchizat mərkəzləri axtarmağa davam edəcəklər. Bu proses "təchizat zəncirinin şaxələndirilməsi"ni sürətləndirəcək və yeni investisiya istiqamətlərinin yaranmasına səbəb olacaq.
Qarşıdurmanın uzanması bəzi ölkələr üçün yeni iqtisadi imkanlar yarada bilər. Hindistan, Vyetnam, Meksika, İndoneziya və Malayziya kimi ölkələr istehsal müəssisələrinin bir hissəsini öz ərazilərinə cəlb etməklə ixrac və investisiya imkanlarını artıra bilərlər. Eyni zamanda, logistika və tranzit marşrutlarının əhəmiyyətinin yüksəlməsi Orta Dəhlizdə yerləşən ölkələr, o cümlədən Azərbaycan üçün də əlavə imkanlar yarada bilər.
Bununla yanaşı, dünya iqtisadiyyatının ümumi artım tempinin zəifləməsi ixracyönümlü iqtisadiyyatlara mənfi təsir göstərə bilər. Qlobal tələbatın azalması xammal və sənaye məhsullarına olan ehtiyacı azalda, beynəlxalq maliyyə bazarlarında volatilliyi artıra bilər. Xüsusilə həm ABŞ, həm də Çin bazarlarından yüksək dərəcədə asılı olan ölkələr bu prosesdən daha çox zərər görə bilərlər.
Azərbaycan üçün təsirlər əsasən dolayı olacaq. ABŞ və Çinlə ticarət dövriyyəsinin məhdud olması birbaşa riskləri azaltsa da, qlobal iqtisadi yavaşlama enerji bazarına və əsas ticarət tərəfdaşlarının iqtisadi fəallığına təsir edərsə, bunun nəticələri Azərbaycan iqtisadiyyatında da hiss oluna bilər. Digər tərəfdən, beynəlxalq yükdaşımaların alternativ marşrutlara yönəlməsi və regionun tranzit əhəmiyyətinin artması Azərbaycanın nəqliyyat və logistika sektoruna əlavə gəlirlər qazandıra bilər. Buna görə də bu qarşıdurma bəzi sahələrdə risklər yaratsa da, düzgün iqtisadi və nəqliyyat siyasəti ilə yeni imkanlar da formalaşdıra bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31