“Biz artıq real həyatda sülhü təmin etmişik”- ÖZƏL

"Prezident İlham Əliyevin ötən ilin 7-8 avqust tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona reallaşdırdığı tarixi işgüzar səfər Bakı ilə Vaşinqton arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması ilə yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynadı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Səfər çərçivəsində əldə olunan  razılaşmalar regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirdi. Dövlətimizin başçısı İlham Əliyev 2025-ci ili tarixi il kimi xarakterizə edərək bildirdi ki, Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Sülh şəraitində yaşamağın bəhrəsini görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək. Dövlətimizin başçısı İlham Əliyevin  çağırışlarında bu məqam da xüsusi qeyd edilir ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi  paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31