Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə xüsusi əhəmiyyət daşıyır- ÖZƏL

"Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəltməklə müstəsna yer tutur. Məhz bu baxımdan Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dünyada müharibədən qalib ayrılaraq sülhün siyasi və hüquqi əsaslarını yaradan yeganə lider kimi yadda qalıb. Bu böyüklüyün əsl miqyası bəşəriyyət tərəfindən bu gün də, sabah da, zaman keçdikcə də daha dərindən dərk olunacaqdır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: 

"Prezident İlham Əliyev işğalın, nisgilin və tarixi ədalətsizliyin yükünü xalqın çiyinlərindən götürən şanlı sərkərdə kimi artıq Azərbaycanın epoxal tarixinin ayrılmaz simasıdır. Onun adı Zəfər salnaməsinin ən parlaq səhifələrində qürur, ehtiram və sevgi ilə yazılıb, gələcək nəsillər tərəfindən də daim hörmətlə xatırlanacaq. Necə ki, tarix xalqlarının taleyini dəyişən böyük sərkərdələri və dövlət xadimlərini unutmur, cənab İlham Əliyevin adı da Azərbaycan dövlətçiliyinin ən şərəfli salnaməsində əbədi yaşayacaq. Ali Baş Komandan, eyni zamanda qalib xalqın və qalib dövlətin lideri kimi sülh prosesinə də ləyaqət, qətiyyət və siyasi uzaqgörənliklə rəhbərlik etdi. 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında əldə olunan razılaşma və sülh sazişinin paraflanması bunun ən parlaq təzahürü oldu. Hərb meydanında tarixi Zəfərin memarı, sülh masasında isə yeni tarixin müəllifi olan Ali Baş Komandan Azərbaycan dövlətçiliyinin gələcək əsrlərinə uzanan yeni bir epoxanın əsasını qoydu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31