İƏT Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıdı
12 Dekabr 2013 11:37 SiyasətDekabrın 9-dan 11-dək Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyası keçirilib. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən baş qərargahından verilən məlumata görə, Forum tərəfindən təqdim edilmiş qətnamə layihəsi İƏT XİNŞ tərəfindən sözügedən sessiya zamanı qəbul edilib və bununla İƏT XİNŞ Xocalı faciəsini soyqırım aktı kimi tanımaqda mövqeyini qoruyub.
Azərbaycan nümayəndə heyətinin başçısı kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ "Xocalıya Ədalət" beynəlxalq məlumat kampaniyasını alqışlayıb və üzv dövlətlərdən bu soyqırım aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırıb.
İƏT XİNŞ 40-ci sessiyası həmçinin, DƏ-İKGF-yə 2014-cü ildə İƏT ölkələri Gənclər və İdman Nazirlərinin konfransını təşkil etməyi həvalə edib. Lent.az