Azərbaycan heç vaxt "parçala və hökm sür" siyasətinin aləti rolunda çıxış etməyib- ÖZƏL

"Ermənistan baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığının ardından ikincinin cənab İlham Əliyevə zəng etməsini bir sıra hay siyasətçiləri və ekspertləri Moskvanın Azərbaycan vasitəsilə ölkələrinə təzyiq göstrərmək istəyi kimi qiymətləndirirlər.  
Görünür, bizi özləri ilə dəyişik salırlar. Moskva çox şey istəyə bilər. Amma Azərbaycan kimlərinsə "parçala və hökm sür" siyasətinin aləti rolunda heç vaxt çıxış etməyib və etməyəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahıb Alıyev deyib: "Ümumiyyətlə, biz Rusiya ilə Ermənistan arasında baş verən çəkişmələrdə ölkəmizin adının hallandırılmasının qəti əleyhinəyik. Putinlə Paşinyan arasında telefon danışığı olan gün Azərbaycan Xarici İşlər Nazirliyi adından yayılan bir açıqlama da bunu təsdiqləyir. Düzdür, o, sözügedən telefon danışığı ilə bağlı deyildi. Amma həmin açıqlamada "Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır" tələbi bütün hallarda keçərlidir. Xatırladım ki, bu tələb Rusiyanın Xarici İşlər Nazirliyi qarşısında qoyulub. 
Rusiyanın guya Ermənistandan idxal etdiyi malları indi Azərbaycandan almaqla qonşu ölkəyə təzyiq göstərməyə çalışdığı haqda iddiaya qayıtsaq, baxın, bu ilin birinci yarısında həm Azərbaycanın, həm də Ermənistanın Rusiya ilə ticarət əlaqələrində əhəmiyyətli azalma var.  Ermənistanla Rusiya arasında ticarət əlaqəsində azalma 20,5-21,5 faiz olduğu halda, bizim göstərici 31,4 faizdir. Yəni Azərbaycanla Rusiya arasında ticarət əlaqəsi bu ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz azalıb. 
Bu, Rusiyadan idxal edilən malların bir hissəsinin özümüzdə istehsalı, Türkiyə və Çininkilər ilə əvəz edilməsi ilə bağlıdır. Azərbaycan isə ötən ilin eyni dövründə olduğundan Rusiyaya 3% daha artıq məhsul satıb. Bax elə bu rəqəm özü də göstərir ki, Ermənistandan alınmasına qadağa qoyulan malların indi Azərbaycanınkı ilə əvəzləndiyi haqda deyilənlər cəfəngiyyatdır. Çünki onda artım 3 yox, bəlkə də 30 faiz olmalı idi. İkincisi, belə anlaşılır ki, iki ölkə arasında "faydalı əməkdaşlığın daha da genişlənməsi" deyiləndə Rusiyanın Azərbaycana və şimal-cənub marşrutuyla Azərbaycan üzərindən göndərməyi planlaşdırdığı mallar nəzərdə tutulur. 
Əminəm ki, Ermənistan hökuməti də bunun yaxşı fərqindədir. Və onun da yaxşı fərqindədir ki, əgər Azərbaycan, o sıradan da iqtisadi xarakterli bəzi addımlar atmasaydı,  Rusiyanın ölkələrininə təzyiqlərinin təsiri indikindən qat-qat güclü olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31