Azərbaycan ilə İran arasında mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir   mübadiləsi aparılıb- ÖZƏL

Ərdəbil Həftəsi çərçivəsində Şeyx Səfiəddin Ərdəbili məqbərə kompleksində İran İslam Respublikasının Mədəniyyət və İslam İrşad naziri Seyid Abbas Salehi ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib: "Görüş zamanı Azərbaycan ilə İran arasında mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Ortaq tarixi və mədəni irsin qorunması, elmi və mədəni mübadilə proqramlarının genişləndirilməsi, qarşılıqlı sərgilərin, konfransların, festivalların təşkili, eləcə də turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Vurğulandı ki, Azərbaycan və İran xalqlarını birləşdirən zəngin tarixi-mədəni irs dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin mühüm dayaqlarından biridir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması qarşılıqlı anlaşmanın, etimadın və dostluğun möhkəmlənməsinə xidmət edir.

Görüşdə mədəni diplomatiyanın dövlətlərarası münasibətlərdəki rolu xüsusi qeyd olundu, elm və mədəniyyət xadimləri arasında əlaqələrin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin və gənclərin ortaq irslə daha yaxından tanış olması üçün yeni təşəbbüslərin əhəmiyyəti vurğulandı. Səmimi və konstruktiv şəraitdə keçən görüşdə mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsi və ortaq dəyərlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində dialoqun davam etdirilməsinin vacibliyi qeyd edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31