Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin ən böyük tarixi xidmətlərindən biridir- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin xidmətləri xalqımız üçün əvəzedilməz töhfələrdir". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir: "Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. 1969-cu ilin iyul ayında respublikamızın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdi. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət tələb edirdi. 

Həmin çıxışından sonra Ulu Öndərimiz daha bir tarixi addım addım atdı. Məlumdur ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Belə ki, Ümummilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ümummilli liderin qətiyyəti nəticəsində 1978-ci ildə  Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31