Azərbaycan artıq özünün informasiya məkanı üzərində suverenliyini təmin edib- ÖZƏL
12:12 Siyasət"İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin, yəni ETTELAAT-ın AzTV-ni düşmən gözündə gördüyü media qurumları siyahısına daxil etməsi tam təbiidir. Axı oradakı rejimin ölkəmizin hər bir uğuruna necə özlərinin uğursuzluğu, qələbəsinə isə məğlubiyyətləri kimi yanaşdığını biz yaxşı bilirik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Onlar da yaxşı fərqindədirlər ki, Azərbaycan artıq nəinki özünün informasiya məkanı üzərində suverenliyini təmin edib, beynəlxalq media platformaları, habb-lar yaratmaqla qlobal və regional gündəliyə effektli təsir göstərir. Mütəxəssisləri Türk Dövlətləri Təşkilatı çərçivəsində xəbər agentlikləri birliyinin yaradılmasında və vahid informasiya siyasətinin aparılmasında əsas lokomotivin Azərbaycan olduğundan hər halda xəbərdardırlar. Şuşada keçirilən qlobal forumlarda dünyanın aparıcı jurnalistlərinin və ekspertlərinin necə bir araya gəldikləri, onların ən müxtəlif proseslərə yanaşmada Azərbaycan dövlətinin mövqeyini nədən öyrənmək istədikləri də həmin mütəxəssislərə yaxşı bəllidir.
İranda Azərbaycan mediasının artıq reaktiv deyil, orta güc dövlətlərininkinə xas proaktiv informasiya siyasəti yeritdiyini, gündəm yaratdığını, hətta Fransa kimi bir dövlətin bundan necə narahatlıq keçirdiyini heç şübhəsiz ki, yaxından izləyirlər. Açıq deməliyik ki, bizim mediada dünyada və regiondakı proseslərlə bağlı heç vaxt indiki qədər dərin və sistemli təhlil olmayıb. İndi Azərbaycan çoxdilli yayım şəbəkəsi formalaşdıran, qaynar nöqtələrə jurnalist göndərən, aparıcı ölkələrdə müxbir postları açan, qlobal informasiya axınının obyektindən subyektinə çevrilən, yəni baş verənləri həm beynəlxalq hüquq, həm də öz maraqları prizmasından dəyərləndirməyi və yaymağı bacaran bir orta gücdür.
ETTELAAT-dakılar baxırlar ki, Azərbaycan mediası təkcə elə onların da yaydıqları dezinformasiyaları anında və peşəkarlıqla ifşa etmək bacarığı sərgiləmir, həm də İrandakı əhalinin də böyük bir hissəsi dünyada və regionda baş verənləri məhz bizim informasiya qaynaqlarından öyrənməyə çalışır. Çünki Arazın o tayındakı soydaşlarımız Ermənistanla savaş zamanı Azərbaycan Prezidentinin dediklərinin, elə həmin AzTV-dən eşitdiklərinin reallığı nə dərəcə düzgün əks etdirdiyini yaxşı xatırlayırlar. Ölkələrinin yeritdiyi informasiya siyasətinin isə İkinci Qarabağ savaşı zamanı Ermənistanınkına bənzədiyini, hətta ondan da bərbad vəziyyətdə olduğunu da anlamaya bilməzlər.
İran İslam Respublikasının Kəşfiyyat Nazirliyini narahat edən məqamlar bax bunlardır və sözügedən qərarla təkcə AzTV-yə deyil, bütün Azərbaycan mediasına yanaşmalarını sərgiləyirlər. Ona görə də buna Medianın İnkişafı Agentliyi səviyyəsində reaksiya verilməsini tam təbii qarşılayır və atılan cavab addımlarını da dəstəkləyirəm".