Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN
11:48 SiyasətRusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı yerli medianın sualına cavabında deyib.
O bildirib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.
"Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır", - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 27 iyul tarixində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda çıxışı zamanı bildirib ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi.