Mənəvi birliyimizi yaşadan əbədi sərvətimiz- ÖZƏL
10:45 Siyasət"Ana dilinə hörmət yalnız dövlət siyasəti ilə məhdudlaşmır. Hər bir ailə, hər bir məktəb, hər bir ziyalı və hər bir vətəndaş Azərbaycan dilinin saflığının qorunmasına öz töhfəsini verməlidir. Düzgün danışmaq, düzgün yazmaq, orfoqrafiya və orfoepiya normalarına riayət etmək milli mədəniyyətə və dövlətçiliyə hörmətin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla soydaşımız üçün Azərbaycan dili milli həmrəyliyin təntənəsidir. Həmvətənlərimizin ana dilini yaşatması Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Ümummilli Lider Heydər Əliyevin "Dil hər bir millətin milliliyinin əsasıdır" fikri bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasəti isə Azərbaycan dilinin yalnız bugünkü deyil, gələcək inkişafının etibarlı təminatıdır.
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün milli qürur, mənəvi məsuliyyət və vətənpərvərliyi təcəssüm etdirir. Ana dilimizi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin müqəddəs borcudur. Çünki Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın milli varlığını, dövlət müstəqilliyini və mənəvi birliyini yaşadan əbədi sərvətdir".