Azərbaycanın hər zaman İslam həmrəyliyinə xüsusi önəm verir- ÖZƏL

İrana səfər edən Milli Məclisin üzvləri Ərdəbilə səfər çərçivəsində bu vilayəti təmsil edən dörd deputat ilə görüş keçiriblər. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, görüş səmimi və səmərəli şəraitdı keçirilib: "Görüş zamanı Azərbaycan ilə İran arasında mövcud münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq.
Müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-İran münasibətlərinin inkişafına daim xüsusi önəm verdiyi vurğulandı. Qeyd olundu ki, dövlət başçısının müxtəlif dövrlərdə İran rəhbərliyi ilə keçirdiyi görüş və telefon danışıqları, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə aparılan təmaslar, humanitar yüklərin daşınması istiqamətində göstərilən əməkdaşlıq, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktından sonra münasibətlərin normallaşdırılması və inkişafı üçün nümayiş etdirdiyi siyasi iradə iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verib. Bu baxımdan, son dövrlərdə Azərbaycan və İran arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi və qarşılıqlı səfərlərin artması münasibətlərin inkişafında yeni mərhələnin göstəricisi kimi qiymətləndirildi.
Eyni zamanda, Azərbaycanın hər zaman İslam həmrəyliyi, humanitar dəyərlər və qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldığı, dost və qardaş xalqlarla əlaqələrin inkişafına xüsusi önəm verdiyi qeyd olundu. Söhbət zamanı parlament diplomatiyasının dövlətlərarası münasibətlərin inkişafında oynadığı mühüm rol da xüsusi vurğulandı. Bu kontekstdə Milli Məclisin sədri Sahibə Qafarovanın 2026-cı ilin iyul ayında İranın sabiq Ali Rəhbəri Əli Xameneinin Tehranda keçirilən vida mərasimində iştirak etməsi, eləcə də son dövrlərdə iki ölkə arasında parlamentlərarası və yüksək səviyyəli qarşılıqlı təmasların intensivləşməsi Azərbaycan-İran münasibətlərində qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa verilən önəmin növbəti ifadəsi kimi dəyərləndirildi.
Səmimi və qarşılıqlı etimad şəraitində keçən görüş parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun davam etdirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31