Heydər Əliyev Baş Prokurorluqda anılıb

Dekabrın 11-də Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluqdan "OLAYLAR"a verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə prokurorluğun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub. Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı, xalqın xilası üçün gördüyü əvəzsiz işlərdən danışıb, onun siyasi davamçısı olan prezident İlham Əliyevin bu yolu uğurla davam etdirdiyini bildirib: "Cari il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi, iqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Bu illər ərzində ölkəmiz uğurlu iqtisadi inkişafa, ümumi daxili məhsulun əhəmiyyətli artımına nail olmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş tədbirlər işğal edilmiş torpaqlarımızın azad olunacağına möhkəm inam yaradıb.
Mərasimin sonunda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu" adlı sənədli film nümayiş etdirilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00