Almaniyanın Cənubi Qafqaz strategiyası: Bakı və İrəvan arasında balans axtarışı- ÖZƏL
17:28 SiyasətAlmaniya kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında Ukrayna, Yaxın Şərq və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib. Merz sülh prosesində növbəti addımların vacibliyini vurğulayaraq bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib. Tərəflər həmçinin ikitərəfli münasibətlərin və Ermənistan-Aİ əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Almaniya kansleri Fridrix Merzin Prezident İlham Əliyevlə görüşündən sonra Baş nazir Nikol Paşinyanla telefon danışığı aparması Berlinin Azərbaycan və Ermənistan arasında siyasi balans yaratmaq cəhdi kimi qiymətləndirilə bilərmi? Almaniyanın həm Azərbaycanla münasibətləri inkişaf etdirməsi, həm də Ermənistanla təmaslarını davam etdirməsi Berlinin Cənubi Qafqaz siyasətində hər iki tərəflə paralel işləmək strategiyasının göstəricisidirmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Almaniya kansleri Fridrix Merzin Paşinyanla telefon danışığı, əlbəttə ki, ilk növbədə Almaniyanın Cənubi Qafqaz siyasəti ilə bağlıdır. Belə ki, Almaniya mümkün qədər bu prosesdə balanslı mövqe tutmağa çalışır.
Nəzərə alsaq ki, ilk dönəmlərdə də Almaniya Prezidenti Ermənistandan əvvəl Azərbaycana da səfər etmişdi və hər iki tərəflə danışıqlar apararaq sülh prosesinə dəstək verdiyini bəyan etmişdi.
Digər tərəfdən, bu təmaslar həm də Avropa İttifaqının Ermənistanla, o cümlədən Azərbaycanla münasibətlərinin inkişafına yönəlmiş addım kimi dəyərləndirilməlidir. Bu, Almaniyanın ümumilikdə balanslı siyasət aparmaq niyyətini göstərir.
Belə ki, Almaniya hər iki tərəflə münasibətləri inkişaf etdirməklə həm Cənubi Qafqazda mövqelərini gücləndirmək, həm də iki ölkə arasında sülh prosesinə dəstək vermək niyyətindədir.
Almaniya-Azərbaycan əlaqələrinə gəldikdə isə, bu əlaqələr kifayət qədər ciddi şəkildə inkişaf etməkdədir. Bu inkişaf perspektivləri Azərbaycan Prezidentinin Almaniyaya son səfəri zamanı da xüsusi müzakirə mövzusu olmuşdu. Həmin müzakirələr enerji təhlükəsizliyi, logistika və nəqliyyat dəhlizləri, eləcə də yüksək texnologiyalar sahəsində əməkdaşlıq istiqamətlərini əhatə edirdi. Bu baxımdan, sözügedən telefon danışığını da Almaniyanın Cənubi Qafqaz siyasətinin təməl prinsiplərindən biri olan balanslı yanaşmanın göstəricisi kimi dəyərləndirmək olar".
Zeynəb Mustafazadə