"Bakı təsadüfən seçilməyib"- Rusiya və Almaniyanın gizli görüşünün pərdəarxası- ÖZƏL

Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüşü barədə məlumata malik olmadığını açıqlayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu barədə heç bir məlumatı yoxdur. Xatırladaq ki, "The Times" iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələrinin Rusiya-Ukrayna müharibəsini müzakirə etdiyini yazmışdı. Prezident İlham Əliyev isə Azərbaycan tərəfinin bu görüşdən xəbərsiz olduğunu, lakin adı çəkilən şəxslərin eyni vaxtda ölkədə olduqlarının təsdiqləndiyini bildirib.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" Rusiyadan və Almaniyadan bu görüşlə bağlı təkzib gözləmək olar. Çünki bu, əslində diplomatik etikaya sığmayan bir məsələdir. Azərbaycanın ərazisində, Azərbaycana əvvəlcədən məlumat verilmədən belə bir görüşün keçirilməsi heç bir hüquqa və diplomatik etikaya uyğun deyil. Bu, Azərbaycanın maraqlarının nəzərə alınmadığını göstərən bir addımdır. Ona görə də hər iki tərəf bu məsələni maksimum dərəcədə gizlətməyə çalışacaq və ya müxtəlif səbəblər, bəhanələrlə mövzunun üzərindən keçmək istəyəcək. Bu baxımdan Peskovun açıqlaması başadüşüləndir. Mən inanmıram ki, Peskovun və ya Rusiya hakimiyyətinin yüksək səviyyəli nümayəndələrinin bu görüşdən xəbəri olmayıb. Bu, sadəcə olaraq, nəzakətsiz davranışlarına don geyindirmək cəhdidir.
İkinci məqam ondan ibarətdir ki, görüşdə konkret nələrin müzakirə olunduğunu dəqiq bilmirik. Ancaq ehtimal etmək olar ki, burada Rusiya-Almaniya münasibətləri, Ukrayna məsələsi və ümumilikdə Avropa-Rusiya münasibətləri müzakirə olunub. Almaniya Avropanın ən böyük iqtisadiyyatına malik ölkədir, Fransa ilə birlikdə Avropa İttifaqının əsas aparıcı dövlətlərindən biridir. Sənaye, hərbi infrastruktur və texnoloji inkişaf baxımından əvəzolunmaz mövqeyə malikdir. Buna görə də görüşdə ümumi Avropa-Rusiya münasibətləri ilə bağlı məsələlərin müzakirə olunması mümkündür.
Məhz bu səbəbdən tərəflər görüşün geniş ictimaiyyətə məlum olmasını istəmirlər. Əgər bunu istəsəydilər, görüş gizli keçirilməzdi. Əvvəlcədən rəsmi elan verilər, məkan açıqlanar və görüş açıq şəkildə təşkil olunardı. Deməli, bu görüşü gizlətməyə çalışırlar.
Bu görüşün baş tutmasına gəlincə, məncə, burada kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlaması əsas mənbə hesab olunmalıdır. Əgər Prezident bunu təsdiqləyibsə, deməli, görüş baş tutub və artıq bunu inkar etməyin mənası yoxdur.
Bəs niyə bu görüş Azərbaycandan xəbərsiz keçirilib? Məncə, bu, Azərbaycanın vasitəçilik və diplomatik platforma kimi roluna da aid məsələdir.
Belə yüksək  və məxfi görüş üçün Azərbaycanın seçilməsi təhlükəsizlik baxımından da diqqət çəkir. Deməli, həm Almaniya, həm də Rusiya kəşfiyyatı hesab edir ki, Azərbaycanda üçüncü ölkələrin kəşfiyyat orqanlarının belə görüşü izləməsi və ya ifşa etməsi ehtimalı çox aşağıdır. Bu da Azərbaycanın təhlükəsiz platforma kimi qəbul edildiyini göstərir.
Eyni zamanda bu onu göstərir ki, Azərbaycanda xarici kəşfiyyat orqanlarının rahat şəkildə fəaliyyət göstərməsi və belə həssas görüşlər barədə məlumat toplaması mümkün deyil.
Digər tərəfdən, Azərbaycan xarici siyasətdə həm Rusiya, həm Avropa, həm də digər güc mərkəzləri üçün qəbul olunan ölkədir. Azərbaycan tərəf seçmir, çoxtərəfli və bərabərhüquqlu siyasət yürüdür. Bu da imkan verir ki, ölkəmiz həm Rusiya, həm Avropa, həm Uzaq Şərq, həm də digər regionlarla münasibətlərini qoruyub saxlasın və hər kəs üçün cəlbedici diplomatik platformaya çevrilsin.
Düşünürəm ki, gələcəkdə belə görüşlər keçiriləcəksə, Azərbaycan əvvəlcədən məlumatlandırılmalıdır. Bu, bizim haqqımızdır. Söhbət bizim ərazimizdən gedir. Rusiya, Almaniya və ya başqa hər hansı dövlət belə görüş keçirmək istəyirsə, Azərbaycanın mövqeyini və suveren hüquqlarını nəzərə almalıdır.
Bütün hallarda hesab edirəm ki, dünyada qarşıdurmaların artdığı, güc mərkəzləri arasında gərginliyin yüksəldiyi bir dövrdə Azərbaycan kimi tərəfsiz, çoxtərəfli və bərabərhüquqlu siyasət yürüdən ölkələrin əhəmiyyəti daha da artacaq. Belə ölkələr gələcəkdə diplomatik platformaya çevriləcəklər. Çünki hər münaqişənin sonunda diplomatiyaya ehtiyac yaranır. Tərəflər qarşıdurmanın nəticəsiz olduğunu anlayanda yenidən danışıqlara qayıdırlar. Həmin vaxt da Azərbaycan kimi etibarlı və balanslı siyasət yürüdən ölkələr ən uyğun seçimlərdən biri olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31