Konqresdəkilərin bu cəhdləri Trampın yeritdiyi siyasətin əleyhinə yönəlib- ÖZƏL

"İki gün öncə ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində 44 lehinə, 7 əleyhinə olmaqla "Xarici Xidmət Aktı"na (H.R. 9086) yeni bəndin əlavə edilməsi yönündə ilk addım atıldı. Orada Azərbaycandan Qarabağdakı keçmiş hərbi xuntanın başında duranların "dərhal və qeyd-şərtsiz" azad olunması tələbi yer alıb. Daşnak muzdlusu Bred Şermanın irəli sürdüyü bu təşəbbüs ABŞ Konqresində o ölkədəki hay diasporunun təsiri və təzyiqi altında olan muzdluların hələ də qalmaqda olduqlarını, Azərbaycana pislik etmək cəhdindən yəqin heç uzaq perspektivdə də əl çəkməyəcəklərini təsdiqləməkdən başqa bizim üçün heç bir anlam daşımır".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:                            
 
"Birincisi ona görə ki, irəli sürülən təşəbbüs Konqresin hər iki palatasında dəstəklənməlidir. Senatın Xarici Əlaqələr Komitəsindəki atmosferdən belə görünür ki, aşağı palata bunu təsdiqləsə belə, menendesəbənzərlərin yuxarı palatada istəklərinə çatması heç də asan olmayacaq. 
Açığı, hətta hər iki palatada o bənd təsdiqlənsə belə, tövsiyə xarakteri daşıdığından Ağ Ev oradakı tələbləri yerinə yetirməyə bilər və yetirməyəcək. Səbəbini açıqlamamışdan orasını da qeyd edim ki, konqresmen Şermanın və ona bu tapşırığı verənlərin niyyəti sözügedən sənədə Azərbaycana qarşı sanksiyaların tətbiqi və 907-ci düzəlişin tam bərpası tələbini də saldırmaq idi. Xarici İşlər Komitəsinin sədri Brayan Mast və digərlərinin səyləri ilə həmin tələblər ləğv olunub və nəticədə yumşaldılmış, çağırış xarakterli bir "akta" çevrilib. 

Məncə, Konqresdəkilərin bu cəhdləri Azərbaycandandan çox Prezident Trampın yeritdiyi siyasətin əleyhinə yönəlib və belə bir reallığı ortaya qoyur ki, Cənubi Qafqazda sülhün dəstəklənməsi Ağ Evin heç də öz təşəbbüsü olmayıb. Geosiyasi reallıqlar və bu reallıqlar çərçivəsində Azərbaycanın Xəzər-Qara dəniz hövzəsində oynadığı mühüm rol belə bir zərurət yaradıb.                                                           ANCA, yəni Amerika Hay Milli Komitəsindəkilərin yaxşı tanıdıqları Dövlət Katibi Marko Rubio Konqresdəki dinləmələrdə dəfələrlə bildirib ki, Qarabağdakı keçmiş hərbi xuntanın başında duranların Azərbaycanda həbsdən azad edilməmələri regiondakı strateji infrastruktur layihələrin dayandırılması üçün əsas ola bilməz. 

Hər iki ölkə hazırda regional bağlılıq, investisiya, enerji, süni intellekt və təhlükəsizlik sahələrini əhatə edən "Strateji Tərəfdaşlıq Xartiyası" üzərində intensiv işləyirlər. ABŞ Ticarət və İnkişaf Agentliyi TRİP-in texniki detallarıyla bağlı bizimlə danışıqlar aparır. Bakı Enerji Həftəsi çərçivəsində ABŞ və Azərbaycan arasında nadir elementlərin çıxarılması, eləcə də emalı sahəsində mühüm Anlaşma Memorandumu imzalanıb və sair. Bir sözlə, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul etdirənlərin və edənlərin hərəkətlərinin milçək vızıltısından başqa heç bir anlam daşımadığını göstərdiyi kimi, ABŞ Konqresindəki hay muzdlularının cəhdləri də Ağ Evdəkilər üçün eyni şey deməkdir.                                                                              Cənab Prezidentin bu yaxınlarda Almaniyaya səfərindən də gördük ki, söhbət "realpolitik"dən gedirsə, Qərbdə qərar qəbul edənlərin Azərbaycan əleyhinə qısqırdılan parlamentarilərinə yanaşmaları oradakı bəlli strukturlarının ştatdankənar "azərbaycanlı" əməkdaşları, "vətənə xəyanət taburunun əsgərləri"- Arif Yunus, Altay Göyüşov, Sevinc Mərzəyeva, Qənimət Zahid, Tural Səfərli  və digərlərinə olandan çox da fərqlənmir. Yəni elələri sadəcə təzyiq aləti funksiyasını yerinə yetirirlər. Təzyiq arzulanan təsiri vermədikdə isə, yararsız alətə necə yanaşılırsa, onlara da o cür yanaşırlar.                                                                    Sonda ölkələrinin regiondakı marağını, buradakı reallığı və Azərbaycanın orta güc olaraq oynadığı rolu dəqiq bilmələri səbəbindən Bred Şermanın, əslində isə ANCA-nın təşəbbüsünü dəstəkləməyən 7 respublikaçı konqresmenə - Anna Paulina Luna, Endi Biqqs, Tim Bürçett, Rendi Fayn, Skott Perri, Kit Self və Co Vilsona təşəkkürümü çatdırıram!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31