Elmar Məmmədyarov İƏT-in jurnalına müsahibə verib
Elmar Məmmədyarov: “İƏT-in Qahirə zirvə toplantısının yekun sənədində dövlət və hökumət başçıları tərəfindən Xocalı hadisələri soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib və üzv dövlətlər onun tanınmasına çağırılıblar”
11 Dekabr 2013 17:13 SiyasətNazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmi mətbuat orqanı olan "OİC Journal" jurnalının son sayında müsahibəsi dərc edilib. Bu barədə XİN-in mətbuat xidmətindən "OLAYLAR"a məlumat daxil olub.
Müsahibədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) seçilməsi və Azərbaycanın BMT TŞ-yə sədrliyi ilə əlaqədar sualı cavablandıraraq, nazir Elmar Məmmədyarov 155 dünya dövlətinin dəstəyi ilə BMT TŞ-yə seçilmiş Azərbaycanın qeyri-daimi üzv kimi əsas məqsədinin BMT-nin Nizamnaməsinə uyğun olaraq, ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması olduğunu vurğulayıb və Azərbaycanın bu müddət ərzində iki dəfə BMT TŞ-yı sədrlik etdiyini bildirib.
Xarici işlər naziri Elmar Məmmədyarov 2012-ci ilin may ayında keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizə sahəsində BMT TŞ-nin yüksək səviyyəli iclasının keçirildiyini qeyd edərək, 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun xüsusi iclasının keçirildiyini xatırladıb.
Azərbaycanın BMT TŞ-də fəaliyyəti və sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün qəbul edilmiş qətnamələr və sənədlər barəsində məlumat verən nazir Elmar Məmmədyarov, Azərbaycanın sədrliyi dövründə BMT TŞ-nin Afrikaya səfərini və Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət ilə əlaqədar həyata keçirdiyi tədbirləri və səmərəli fəaliyyəti qeyd edib.
Azərbaycanın İƏT çərçivəsində aktiv fəaliyyəti və dinlər və sivilizasiyalararası dialoqda oynadığı rolu barəsində sualın müqabilində nazir Elmar Məmmədyarov Azərbaycanın İslam sivilizasiyasının ayrılmaz bir hissəsi olduğunu və onun mütərəqqi irsini bölüşdüyünü və bu əsasda da İƏT ölkələri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsi barəsində sualı cavablandıran nazir Elmar Məmmədyarov, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edilməsi və işğal olunmuş ərazilərdə etnik, mədəni və dini əsasda dəhşətli "təmizləmə" siyasətinin yürüdülməsinin ən qəti şəkildə pislənilməsi üçün İƏT üzv dövlətlərinin qətiyyətli mövqe nümayiş etdirdiklərini və Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etdiklərini xatırladaraq, bu qətiyyətli mövqeyin bir daha İƏT ölkələrinin son Qahirə Zirvə toplantısının sənədlərində də öz əksini tapdığını bildirmiş və İƏT ölkələrinin bu mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O əlavə edib ki, İƏT-in Qahirə zirvə toplantısının yekun sənədində dövlət və hökumət başçıları tərəfindən Xocalı hadisələri soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib və üzv dövlətlər onun tanınmasına çağırılıblar.