Mertsin Paşinyana zəngi: Diplomatik refleks, yoxsa geosiyasi seçim? – ÖZƏL

"Almaniya Kansleri Fridrix Mertsin Prezident İlham Əliyevlə Berlində keçirdiyi görüşdən dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparması müəyyən mənada diplomatik balans jesti kimi görünə bilər; ancaq bu addımı Berlinin, belə deyək, siyasi bərabərlik yaratmaq cəhdi kimi şərh etmək düzgün olmazdı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloqun sözlərinə görə, Berlin yaxşı anlayır ki, Güney Qafqazın geosiyasi və iqtisadi gerçəkliyində Azərbaycanın çəkisi fərqlidir. Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, yük daşıma, bağlantı layihələri və bölgəsəl sabitlik məsələlərində Azərbaycan Almaniya üçün əvəzolunmaz tərəfdaşdır. Prezident İlham Əliyevin Berlin səfəri zamanı imzalanmış strateji sənədlər də bunu bir daha təsdiqlədi. Paşinyanla telefon danışığı isə daha çox Almaniyanın bölgədəki diplomatik iştirakını qorumaq istəyindən irəli gəlir. Berlin həm Ermənistanın Avropa Birliyi ilə yaxınlaşma siyasətini diqqətdə saxlayır, həm də sülh prosesində tərəflərlə əlaqələrini davam etdirməklə vasitəçilik imkanlarını itirmək istəmir. Necə deyərlər, bu, daha çox diplomatik refleksdir, nəinki geosiyasi prioritet dəyişikliyi...

"Əslində, dövlətlərarası münasibətlərin səviyyəsini telefon danışığının vaxt-vədəsindən daha çox, konkret strateji işbirliyi müəyyən edir. Bu baxımdan Almaniyanın Ermənistanla siyasi dialoqu davam etdirməsi təbiidir, lakin Berlin üçün Azərbaycanın enerji, logistik, iqtisadiyyat və bölgəsəl təhlükəsizlik baxımından daşıdığı önəm müqayisəolunmaz dərəcədə yüksəkdir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31