Ermənistan müxalifətindən beynəlxalq aləmə çağırış: Siyasətçilərin həbsi demokratiyaya zərbədir – ÖZƏL
15:54 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Müstəntiq Komitəsinin binası qarşısında çıxış edərək, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın üç saatdan artıq davam edən dindirilməsini və müxalifətçilərin həbsini siyasi təqib adlandırıb. O, beynəlxalq tərəfdaşları baş verənlərə reaksiya verməyə çağıraraq, ölkədə bütün hakimiyyət qollarının tək bir şəxsin əlində cəmləşdiyini və bunun demokratiyaya ciddi zərbə vurduğunu bildirib.
Qeyd edək ki, Qaqik Tsarukyan xüsusilə külli miqdarda dələduzluğun təşkili və çirkli pulların yuyulmasında təqsirləndirilir. İstintaqın versiyasına görə, o, 2022-2024-cü illərdə Ermənistan-İran Ticarət Palatası vasitəsilə dövlətə 21 milyon dollardan çox ziyan vurub, həmçinin yanacaq tədarükü sövdələşməsində İran vətəndaşının 934 min dollarını mənimsəyib. Bununla yanaşı, Tsarukyan qanunsuz ov etməkdə də ittiham olunur; onun malikanəsində keçirilən axtarış zamanı tapılan 3 şir, 4 pələng Zooparka təhvil verilib, 190 müqəvva müsadirə olunub və ətraf mühitə 81 min dollardan çox ziyan dəydiyi müəyyən edilib.