Azərbaycanın xarici siyasətində Avropanın aparıcı dövlətləri əhəmiyyətli yer tutur- ÖZƏL

"Azərbaycanın xarici siyasətində Avropanın aparıcı dövlətləri, o cümlədən qitənin bir nömrəli iqtisadiyyatı hesab edilən Almaniya ilə hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişafı başlıca prioritetlərdəndir. İki ölkə arasında siyasi münasibətlər dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, yüksəksəviyyəli görüşlər və parlamentlərarası faydalı əməkdaşlıq sayəsində yeni səviyyəyə qalxıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Mütəmadi olaraq inkişaf etdirilən münasibətlər Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlığı daha da möhkəmləndirib. Habelə, ikitərəfli münasibətlər regional və beynəlxalq strukturlarda fəal əməkdaşlıq çərçivəsində də davamlı olaraq inkişaf edir. Münxen Təhlükəsizlik Konfransında mütəmadi iştirak edən Prezident İlham Əliyevin Almaniyanın rəhbər şəxsləri ilə görüşləri isə əlaqələrin dostluq xarakterini tam əks etdirməkdədir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı iyulun 21-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirdiyi səmərəli görüşlər ikitərəfli münasibətlərin yüksəksəviyyəli xarakterini nümayiş etdirməklə yanaşı, gündəliyin müasir formatının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin həmkarı Frank-Valter Ştaynmayerlə keçirilən geniş tərkibdə görüşündə vurğulandığı kimi, dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycan və Almaniya sabitlik adası olaraq xüsusilə diqqəti cəlb edir, hər iki ölkə yerləşdiyi regionun lider dövlətləri kimi siyasi və iqtisadi inkişaf yolunda qətiyyətlə irəliləyirlər. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər Cənubi Qafqaz bölgəsində sabitliyi möhkəmləndirməklə bərabər, daha geniş və dayanıqlı əməkdaşlıq mühiti yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31