Bəhruz Quliyev: "Rusiya tərəfinin susqunluğu diplomatik taktikadır" – ÖZƏL

"Rusiya tərəfinin Almaniya tərəfi ilə bu görüşü təsdiqləməməsi ilk növbədə diplomatik taktika kimi qiymətləndirilə bilər. Beynəlxalq münasibətlərdə xüsusilə müharibə şəraitində və ya həssas siyasi məsələlərin müzakirəsi zamanı tərəflər qeyri-rəsmi təmasları uzun müddət ictimaiyyətə açıqlamırlar. Bu, danışıqların məzmununun, iştirakçılarının və mümkün nəticələrinin vaxtından əvvəl siyasi müzakirə predmetinə çevrilməsinin qarşısını almağa xidmət edir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, digər tərəfdən Kremlin bu məsələni təsdiqləmək istəməməsinin daxili və xarici siyasi səbəbləri də ola bilər. Rusiya rəhbərliyi Almaniya ilə Ukrayna müharibəsi fonunda hər hansı bir təmasın ictimai müstəvidə fərqli şərhlərə səbəb olmasını istəmir. Çünki belə bir görüşün təsdiqlənməsi həm Qərbdə, həm də Rusiya daxilində müxtəlif siyasi yozumlara yol aça bilər. Ona görə də Peskovun "məndə bu barədə məlumat yoxdur" ifadəsi birbaşa təkzibdən daha çox diplomatik neytrallıq nümayiş etdirən cavab təsiri bağışlayır.

Ekspert qeyd edib ki, burada diqqət çəkən əsas məqam isə Azərbaycanın mövqeyidir. Prezident İlham Əliyevin açıqlaması göstərdi ki, Azərbaycan məsələyə tam şəffaf yanaşdı. Dövlət başçısı açıq şəkildə bildirdi ki, əvvəlcə bu məlumatı mətbuatdan öyrəniblər, daha sonra isə Dövlət Sərhəd Xidmətindən alınan məlumat əsasında adı çəkilən şəxslərin həmin dövrdə Azərbaycanda olduqları təsdiqlənib. Bu yanaşma Azərbaycanın hər hansı gizli prosesin iştirakçısı olmadığını, eyni zamanda beynəlxalq tərəfdaşlar üçün etibarlı platforma olduğunu nümayiş etdirdi.
Azərbaycan artıq uzun illərdir ki, rəqib dövlətlər arasında dialoq üçün etibarlı məkan kimi tanınır. Bakı müxtəlif beynəlxalq görüşlərə, vasitəçilik təşəbbüslərinə və siyasi təmaslara ev sahibliyi edib. Bu baxımdan Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüşməsi ehtimalı qeyri-adi görünmür. Əksinə, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və etibarlı tərəfdaş imici belə təmasların məhz Bakıda keçirilməsini məntiqli edən amillərdəndir.

"Hesab edirəm ki, zaman keçdikcə bu məsələ ilə bağlı daha ətraflı məlumatların ortaya çıxması mümkündür. Diplomatiyada bu cür təmasların aylar, bəzən isə illər sonra rəsmən təsdiqləndiyi hallar kifayət qədərdir. Hazırkı mərhələdə isə Kremlin ehtiyatlı mövqeyi danışıqların baş tutub-tutmamasından daha çox, həmin prosesin siyasi həssaslığı ilə bağlıdır", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31