YAP Heydər Əliyevin vəfatının ildönümünü qeyd etdi
Əli Əhmədov: “Heydər Əliyev heç vaxt unudulmayacaq”
11 Dekabr 2013 17:03 SiyasətBu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, hakim partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiya fəalları iştirak edib. Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini ehtiramla yad ediblər. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov müasir Azərbaycanın inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyev unudulmur və heç vaxt unudulmayacaq: "Heç bir xalq milli qürur mənbəyinə çevrilmiş övladını unuda bilməz. Kiçik xalqlar və dövlətlərin böyük lider yetişdirməsi özü tarixi hadisədir. Azərbaycan xalqı əhalinin sayına görə kiçik olsa da, mən onu heç də kiçik xalq hesab etmirəm. Bu baxımdan, Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi böyük oğlu Heydər Əliyev onun milli qüruru və iftixar mənbəyidir". Əli Əhmədov bildirib ki, Heydər Əliyev həm də sədaqətli dost və ailə başçısı nümunəsi göstərib: "Bu mənada Ümummilli lider Heydər Əliyev unudulan insan ola bilməz. Onu unutmaq mümkün deyil. Çünki Azərbaycanın xalqının milli ideyasının, milli dərkinin tərkib hissəsidir". Ümummilli Lider Heydər Əliyevin böyük tarixi şəxsiyyət olduğunu deyən Yeni Azərbaycan Partiyasının sədr müavini ümummilli liderin həm sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı naminə gördüyü işlərin əhəmiyyətini vurğulayıb: "Azərbaycan xalqının çətin anlarında məhz Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirib. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu xalqımıza yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini qətiyyətlə möhkəmləndirir". Əli Əhmədov onu da deyib ki, Azərbaycan vətəndaşları hazırda məhz Heydər Əliyevin ideyalarının müəyyən etdiyi yolla irəliləyir: "Heydər Əliyev siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət xalqımıza və dövlətimizə böyük uğurlar qazandırır". Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev söz alaraq dahi şəxsiyyətin həyat və fəaliyyəti, onun Azərbaycanın inkişafı istiqamətindəki səylərindən danışıb. Bildirib ki, dahi şəxsiyyət bütün fəaliyyətində sənətçilərə, sənət adamlarına böyük diqqət və qayğı göstərib: "Heydər Əliyev Azərbaycanın mənəvi sərvətidir. Onun gördüyü hər bir iş Azərbaycan vətəndaşları tərəfindən müsbət qarşılanıb. Bu siyasi kurs hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Mərkəzi Bankın sədri Elman Rüstəmov Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi uğurlu islahatlardan danışıb. Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov, millət vəkili Fəttah Heydərov da çıxışlarında Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirib, onunla bağlı dəyərli fikirlərini çatdırıblar.
Süleyman İsmayılbəyli