Azərbaycan Cənubi Qafqazda sülhü bərqərar etməklə Avropa ilə əməkdaşa yeni imkanlar yaradıb- ÖZƏL
12:07 Siyasət
"Almanlar çıxılması mümkün görünməyən nəhəng bir kül qalağının altından kiçik bir köz parçası götürərək od yandırmış və dünyaya "alman möcüzəsi" bəxş etmiş xalqdır. "Alman maşını" bu gün də dəqiqliyi ilə yorulmadan çalışır. "Alman qartalı" isə nüfuzlu dövlətlərdən biridir". "Olaylar" xəbər verir ki, bunuMilli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "G8-in, müxtəlif xarakterli digər təşkilatların üzvü, Avropa İttifaqının lokomotivi, "qoca qitə"nin nüfuzlu dövləti olan Almaniya Federativ Respublikası Azərbaycan Respublikası ilə yaxşı münasibətlərini davam etdirmək istəyir. Azərbaycan da qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Bunun səbəbləri və məqsədləri nədir? Həmin səbəb və məqsədləri Prezident İlham Əliyevin və Almaniyanın Federal Kansleri Fridrix Mertsin Berlində keçirdiyi danışıqlar, imzalanan sənədlər, mətbuata bəyanatları, media nümayəndələrinin suallarına cavabları göstərdi. Mətbuata bəyanatlar qarşılıqlı münasibətlərdə keçilən yolu, gəlinən yeri və gələcək hədəfləri bir daha aydınlatdı.
Səfərdə diqqəti ən çox çəkən Almaniyanın Azərbaycan dövlətinə beynəlxalq sülh və təhlükəsizliyi yaratmaqda bir güc kimi baxmasıdır. Federal Kansler Fridrix Mertsin dediyi aşağıdakı sözlər Prezident İlham Əliyevin beynəlxalq nüfuzunu və sülhpərvərliyini göstərir: "...ölkələrimiz bu günün əsas böhranlarından və müharibələrindən yan keçə bilmir. Bu, həm Orta Şərqə, həm Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə aiddir. Həmin müharibələr Almaniyaya və Azərbaycana onların təhlükəsizliyi və iqtisadi maraqları baxımından böyük təsir göstərib. Baxmayaraq ki, hər iki münaqişə təfərrüatlarına görə fərqli ola bilər. Biz istənilən halda danışıqlar yolu ilə həll variantlarını təşviq edirik. Bizi eyni qənaət birləşdirir ki, yekun nəticədə yalnız danışıqlar yolu ilə nizamlama uzunmüddətli sülhü, təhlükəsizliyi və sabitliyi gətirə bilər."
Federal Kansler etiraf etdi ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin qurulması Almaniyanın və Avropa İttifaqının da maraqlarına cavab verir. Regionda sülhün yaradılmasında Prezident İlham Əliyevin xidmətlərini və Avropa üçün əhəmiyyətini Fridrix Merts aşağıdakı kimi ifadə etdi: "Cənab Prezident, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklər davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Alman və Avropa perspektivindən nəyi edə bilsək, bundan şad olarıq. Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır."
Bu, Almaniyanın Azərbaycan Prezidentinə sülh rəmzi kimi baxması deməkdir. Cənubi Qafqazda sülhü bərqərar etməklə Azərbaycan dövləti Avropa ölkələrinin də geniş əməkdaşlığına yeni imkanlar yaradıb. Sülhü isə yalnız böyük insanpərvər dövlət adamları qururlar.
Hazırkı böhran şəraitində xam neftə və Cənub Qaz Dəhlizi ilə təbii qazın təchizatına kəskin ehtiyac duyan Almaniya Azərbaycan ilə əməkdaşlığa möhtac olduğundan münasibətlərin genişləndirilməsində maraqlıdır. Almaniyanın enerji təchizatını daha da şaxələndirməkdə ən uğurlu və etibarlı ölkə olan Azərbaycan Avropaya qaz, neft ixracı ilə yanaşı, qarşıdakı illərdə yaşıl enerjinin də ixracında əməkdaşlığın böyük potensialının olduğunu göstərir. Bütün bunlar Azərbaycanın maraqlarına tamamilə cavab verir, beynəlxalq nüfuzunu artırır və mövqelərini möhkəmləndirir.
200-dən çox alman şirkətinin çalışdığı Azərbaycanda əlverişli sərmayə mühiti olduğundan alman kapitalı daha çox gəlmək istəyir. Qarşılıqlı faydalı əməkdaşlıq də dostluq niyyətləri ilə gələnlər üçün Azərbaycanın qapıları həmişə açıqdır.
Prezident İlham Əliyevin iki ölkə arasında strateji dialoqun başlanması arzusunu bildirməsi gələcək niyyətlərdən xəbər verir. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə Cənubi Qafqazda əməkdaşlığa, sülhə və əmin-amanlığa töhfəsini verəcəkdir. Bu işdə nəqliyyat və tranzit mühüm rol oynayacaqdır. Azərbaycansız belə məsələlərdən bir nəticə hasil olmaz.
Jurnalistlərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı suala Federal Kanslerin verdiyi cavab isə tam aydındır: "Mən həmin müharibə, onun səbəbləri, gedişatı və mümkün sonu ilə bağlı oxşar mövqeyini bizimlə bölüşdüyünə görə Prezident Əliyevə olduqca minnətdaram."
Azərbaycanın məqsədi bu müharibənin dayandırılması və bölgədə sülhün təmin edilməsidir. Tarixin təcrübəsi göstərir ki, işğalçı müharibələr aparan dövlətləri sonda həmişə məğlub ediblər, danışıqlar aparmaqdan ötrü masa arxasında yerləşməsi və gələcəkdə yeni təhlükələr törətməməsi üçün parçalayıblar...
Adi şəraitlərdə qərarlar vermək adətən çətin olmur. Ən çətini mürəkkəb və qarışıq tarixi dövrlərdə düzgün qərarlar verib problemləri kökündən həll etmək, yeni yol açmaqdır. Bunu isə yalnız dahi dövlət rəhbərləri və strateqlər bacarırlar. Onlar qaranlıqları yarır, xalqının və dövlətinin əhəmiyyətini nəinki regionu, həmçinin dünya üçün daha da artırırlar. Həmişəki kimi, bunu Prezident İlham Əliyev Almaniyaya səfərində də bir daha göstərdi..."