Azərbaycan–Almaniya yeni strateji mərhələdə- ÖZƏL

Prezident cənab İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin uğurlu nəticələrini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində səsləndirilən fikirlər və əldə olunan razılaşmalar göstərdi ki, ölkəmiz qarşılıqlı hörmət, etimad və milli maraqlara əsaslanan xarici siyasət kursunu inamla davam etdirir.
Azərbaycan ilə Almaniya arasında strateji dialoqun başlanması və Birgə Bəyannamənin imzalanması münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələr üzrə əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm hüquqi və siyasi baza yaradır.
İki ölkə arasında iqtisadi əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Azərbaycanda 200-dən çox Almaniya şirkətinin fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Qarşılıqlı investisiyaların artırılması, sənaye, rəqəmsal texnologiyalar, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Eyni zamanda, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri gələcək tərəfdaşlıq üçün yeni imkanlar açır.
Nəqliyyat və logistika sahəsində də əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Şərq-Qərb və Orta Dəhliz üzrə artan rolu ölkəmizi Avropa ilə Asiya arasında etibarlı tranzit mərkəzinə çevirib. Almaniya ilə bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi regional iqtisadi inteqrasiyaya və beynəlxalq ticarətin inkişafına əlavə töhfə verəcək.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı, təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Əldə olunan razılaşmaların ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, regionda sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inam tamdır.
Faiq Yusif oğlu Qurbanov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31