Tramp administrasiyasının vasitəçilik təşəbbüsləri Rusiyanı xilas etmək məqsədinə söykənir- ÖZƏL

"Məlumdur ki, Rusiya-Ukrayna müharibəsinə Avropa İttifaqı ilə ABŞ-ın tamamilə fərqli və demək olar ki, bir-birinə zidd mövqeləri var. Şübhə yoxdur ki, bunu yalnız Donald Trampın hakimiyyətinin mövqeyi kimi təqdim etmək, yəni ABŞ-ın Avropadan fərqli yanaşmasını təkcə Tramp administrasiyasının siyasəti ilə izah etmək düzgün deyil. Şübhə yoxdur ki, Donald Tramp Amerika dövlətinin formalaşmış siyasi kursunu, başqa sözlə, ABŞ-ın dərin siyasi maraqlarını həyata keçirir. Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən görünən odur ki, Vaşinqton heç bir halda Ukraynanın Rusiya üzərində tam üstünlük qazanmasını qəbul etmir. Əksinə, Rusiyanın müəyyən mənada Avropanı qorxu içində saxlaması ABŞ-ın maraqlarına xidmət edir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Aİ isə ABŞ-dan fərqli olaraq vəziyyəti təkcə iqtisadi gəlir mənbəyi baxımından deyil, həm də strateji təhlükəsizlik və enerji təchizatı baxımından qiymətləndirir. Qaldı ki, hazırkı mərhələdə Ukraynanın Rusiya üzərində faktiki və açıq-aşkar təşəbbüsü ələ alması ABŞ-ı narahat etməyə bilməz. Baxmayaraq ki, bir müddət əvvəl NATO-nun Türkiyədə keçirilən sammitində ABŞ ümumi və vahid mövqedən çıxış etmiş kimi göründü.
ABŞ-ın Prezident Volodimir Zelenski ilə münasibətləri kifayət qədər gərgin və ziddiyyətlidir. İlk dövrlərdə Rusiya tərəfindən Zelenskinin prezidentliyinin legitimliyi sual altına alınarkən, ABŞ ona açıq siyasi dəstək verirdi. Sonradan Zelenski vəziyyəti dəyişə bildi. Hətta prezident Tramp 2021-2024-cü illərdə Ukrayna Ordusunun baş komandanı olan Valeri Zalujninin Zelenskinin yerinə gətirmək planı da vardı.
Bu gün Zelenskinin müdafiə naziri vəzifəsindən azad etdiyi Mixailo Fedorovun yenidən həmin vəzifəyə qaytarılması tələbi ətrafında baş verən etiraz aksiyaları və siyasi proseslərin də ABŞ tərəfindən istiqamətləndirildiyi də hiss olunur. Məqsəd isə Zelenskinin mütləq hakimiyyətinin zəiflədilməsi və nəticə etibarilə onun hakimiyyətdən uzaqlaşdırılması üçün siyasi zəmin formalaşdırmaqdır.
Belə olan halda, Zelenskinin bütün etiraz və təşəbbüslərinə baxmayaraq, keçmiş müdafiə nazirinin yenidən həmin vəzifəyə qaytarılmasının tələb edilməsi, əslində, dövlət başçısına qarşı siyasi və inzibati xarakter daşıyan bir təzyiq forması, hətta müəyyən mənada siyasi-inzibati üsyan kimi də qiymətləndirilə bilər və bu prosesin də Tramp administrasiyası tərəfindən təşviq olunduğu fikri mövcuddur.
Zelenski Donald Tramp hakimiyyətdə olduğu müddətdə müharibəni manevrlərlə davam etdirməyə, danışıqlar prosesini isə mümkün qədər uzatmağa çalışacaq. Danışıqların hansı nəticə verməsindən asılı olmayaraq, artıq Rusiya-Ukrayna müharibəsi Ukraynanın xeyrinə dəyişməkdədir. Rusiyanın da ABŞ-dan Ukrayna ilə müharibədə vasitəçi "xahişi" ABŞ-ın Ukraynanın cəbhədə uğurlarına mane niyyətini açıq göstərir. Manilada ASEAN çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio rusiyalı həmkarı, Xarici İşlər naziri Sergey Lavrov ilə Ukraynadakı müharibənin başa çatdırılması yollarını müzakirə etməsinin siyasi-diplomatik, hərbi nəticəsi mümkün deyil.
Rusiya-Ukrayna müharibəsi ətrafında ABŞ və Donald Tramp administrasiyasının bütün təşəbbüs, vasitəçilik cəhdlərinin mahiyyəti Ukraynanın Rusiya qarşısında əldə etdiyi üstünlüyün daha da genişlənməsinin qarşısını almağa yönəlib. Ancaq Trampın Zelenskiyə əvvəlki kimi təsir və təzyiq imkanları artıq xeyli məhdudlaşıb. Ukraynaya hərbi və maliyyə dəstəyinin əsas yükünü Avropa İttifaqı daşıyır. 23 iyulda da Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyib. Ən əsası isə Ukrayna müasir hərbi sənayesini sürətlə inkişaf etdirərək daha müstəqil mövqe, hərbi güc statusunu qazanıb.
Digər tərəfdən, ABŞ-ın İranla qarşıdurması Vaşinqtonun hərbi-siyasi resurslarını məhdudlaşdıraraq Trampın da nüfuzunu ciddi zədələyib. Bütün bunların fonunda ABŞ-ın hazırkı siyasəti Rusiyanın böyük dövlət statusunun qorunub saxlanmasına hesablanmış geosiyasi kursunun əhəmiyyətli nəticəsi mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31