Rusiya Dövlət Dumasından növbəti təxribat: Bakının Berlin dialoqu kimləri narahat edir? – ÖZƏL
15:32 SiyasətRusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev Azərbaycanın Almaniya və Avropa ilə münasibətlərini genişləndirməsindən narazılığını bildirərək Bakının ünvanına hədə-qorxu xarakterli bəyanat verib. Prezident İlham Əliyevin Berlinlə strateji dialoq niyyəti açıqlamasından sonra rus deputat Azərbaycanı Ukrayna və Ermənistanın "səhvlərindən dərs çıxarmağa" çağırıb, Avropaya yaxınlaşmağı iqtisadi və siyasi problemlər vəd edən yol kimi qiymətləndirib. Lakin bu cür təhdidlərlə zəngin ritorika iki ölkə arasında Rusiya XİN səviyyəsində bəyan edilən normallaşma prosesinə zidd olmaqla yanaşı, ikitərəfli münasibətləri gərginləşdirməyə yönəlmiş növbəti təxribat kimi dəyərləndirilir.
"Rusiya siyasi dairələrində hələ də belə hesab edirlər ki, postsovet ölkələri, o cümlədən Azərbaycan müxtəlif dünya dövlətləri ilə qarşılıqlı münasibətlər qurarkən və əməkdaşlıq sahələrini inkişaf etdirərkən mütləq Rusiyanın maraqlarını nəzərə almalıdır. Hətta onların məntiqsiz yanaşmasına görə, bu cür addımlar atılarkən Kremldən icazə alınmalıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu, olduqca absurd və məntiqsiz yanaşmadır. Təəssüf ki, Rusiyanın hakim siyasi dairələrində uzun illərdir belə bir düşüncə tərzi hökm sürür. Ancaq Kreml artıq anlamalıdır ki, həm dünya dəyişib, həm də postsovet ölkələri yeni inkişaf mərhələsinə qədəm qoyublar. Rusiya postsovet ölkələrinə təzyiq və təhdidlərdən başqa, faktiki olaraq, heç bir müsbət alternativ təklif etmək qabiliyyətində deyil. Amma postsovet ölkələri, o cümlədən Azərbaycan inkişaf etmək, beynəlxalq əməkdaşlığını genişləndirmək və müstəqil siyasət yürütmək niyyətindədir. Bu səbəbdən də rəsmi Bakı heç bir səhvə yol verməyib. Rusiyalı deputatın səsləndirdiyi fikirlər isə anlaşılmaz və əsassızdır. Çünki o, Ukrayna və Ermənistanın guya buraxdığı səhvlərdən danışır. Əgər Ukrayna və ya Ermənistanın hər hansı xarici siyasət səhvi olubsa, bu, həmin ölkələrin özünə aiddir və Azərbaycanın bununla heç bir əlaqəsi yoxdur. Azərbaycan isə xarici siyasətdə hər hansı ciddi səhvə yol verməyib. Əksinə, Azərbaycanın xarici siyasəti zərgər dəqiqliyi ilə həyata keçirilir. Rəsmi Bakı dünya dövlətləri ilə, o cümlədən Avropa ölkələri ilə münasibətləri inkişaf etdirməklə, iqtisadi və ticarət əlaqələrini genişləndirməklə Azərbaycanın gələcək inkişafını daha yüksək mərhələyə daşımağa çalışır. Bu məsələdə də rəsmi Bakı tamamilə düzgün siyasət yürüdür. Ona görə də bu cür açıqlamalar ilk növbədə Rusiyanın özünə zərər verə bilər. Azərbaycan üçün isə hər hansı ciddi problem yarada bilməz.
Ekspert qeyd edib ki, Azərbaycan artıq dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bir dövlətdir. Rusiya artıq sovet dövründə olduğu kimi postsovet ölkələri ilə davrana bilməz. O cümlədən Azərbaycan da artıq Rusiyanın təsir dairəsində olan ölkə deyil. Azərbaycan öz suveren hüquqlarından istifadə edərək müstəqil xarici siyasət yürütmək prinsipinə sadiqdir və bu siyasəti bundan sonra da davam etdirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir. Bu məsələdə də rəsmi Bakı tamamilə haqlıdır. Rusiyalı deputat hələ də keçmişdə qalıb və müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarını anlamaqda çətinlik çəkir. Azərbaycan qarşılıqlı münasibətlər qurduğu dövlətlərin Rusiya ilə hansı münasibətlərə malik olduğunu nəzərə almaq məcburiyyətində deyil və buna borclu da deyil. Rusiyanın Almaniya ilə münasibətləri yalnız Kremlin daxili və xarici siyasətinin məsələsidir. Azərbaycanın Almaniya ilə münasibətləri isə Azərbaycanın öz milli maraqlarına uyğun formalaşdırdığı xarici siyasətin tərkib hissəsidir. Bu iki məsələni bir-biri ilə əlaqələndirmək doğru deyil. Azərbaycan Almaniya ilə münasibətlərini inkişaf etdirməkdə düzgün addımlar atır və bunun Rusiyaya heç bir aidiyyəti yoxdur.
Səidə Ramazanova