Siyasi şərhçi:"Qazaxın kəndləri müzakirə obyekti ola bilməz"- ÖZƏL

Ermənistanda TRIPP layihəsinin təsdiqindən sonra kommunikasiya xətləri, sərhədlərin delimitasiyası və eksklavlarla bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə Azərbaycanın Qazax rayonuna məxsus Sofulu və Bərxudarlı kəndlərinin taleyi ətrafında tərəflər arasında fərqli yanaşmalar müzakirə olunur.

Mövzu ilə bağlı  "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 

" Hesab edirəm ki, Ermənistan, seçki pozuntuları ilə hakimiyyətini saxlamış baş naziri unutmasın ki, Azərbaycanın ordusu, "Dəmir Yumruq"u hazır vəziyyətdədir.
İkincisi, Qazaxın kəndləri müzakirə obyekti ola bilməz və olmamalıdır. Hətta hesab edirəm ki, bütövlükdə Ermənistan Qərbi Azərbaycandır. Yəni, Ermənistan adlı dövlət mövcud olmayıb və bu gün də onun mövcudluğunu qəbul etməyə ehtiyac yoxdur. Bu məsələdə mövqeyimiz dəqiq və konkret olmalıdır.
Əgər hazırda hansısa sülh danışıqları aparılırsa və digər addımlar atılırsa, bu yalnız Azərbaycan Prezidentinin Ermənistana göstərdiyi güzəştlər kimi qiymətləndirilə bilər. Bu, Azərbaycan dövlətinin və xalqının sülhsevər niyyətini nümayiş etdirir.
Ona görə də Ermənistanın baş naziri və özlərini revanşist adlandıranlar bunu nəzərə almalıdırlar. Müharibə zamanı həmin revanşistlər harada idilər? Cənab Prezidentin də dediyi kimi, Serjik, Robik, Köçəryan, Sərkisyan hara qaçmışdı? Paşinyan harada idi?
Bilsinlər ki, Başkənd məsələsini ümumiyyətlə gündəmdən çıxarsalar, daha yaxşı olar. Çünki Başkənd heç zaman Ermənistanın ərazisi olmayıb, Azərbaycana məxsusdur. Qazaxın kəndləri, eləcə də Naxçıvanın Kərki kəndi Ermənistan tərəfindən birmənalı şəkildə qaytarılmalıdır.
Mən bu məsələlərə belə baxıram və hesab edirəm ki, baş verən bütün proseslər Ermənistan üçün Azərbaycanın göstərdiyi güzəştlərdir. Güzəşt limiti bitdiyi anda Azərbaycan Ordusu hərəkətə keçə bilər. Onlar unutmamalıdırlar ki, əvvəllər başlarına nələr gəlib və yenə də nələr gələ bilər.
Bundan sonra meydan da, dövran da Azərbaycanındır. Azərbaycan-Türkiyə birliyi regionda möhkəmlənir, daha geniş mənada isə Türk dünyasının səsi və nəfəsi getdikcə güclənir.
Yaxşı olar ki, Azərbaycan səbrini sınağa çəkməsinlər. Azərbaycan Prezidenti bunu dəfələrlə xəbərdarlıq edib. Onlar isə bunu başa düşmədilər. "Qarabağ Ermənistandır, nöqtə" dedilər, sonra isə bunun ağır nəticələrini öz üzərlərində hiss etdilər. Mən məsələyə belə baxıram". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31