"Türkiyə NATO-da öz çəkisinin düzgün qiymətləndirilməsini tələb edir"-Politoloqdan açıqlama- ÖZƏL
14:38 SiyasətPolitico nəşrinin məlumatına görə, Türkiyə NATO-nun 27 milyard avroluq hərbi yanacaq kəmərləri şəbəkəsinin modernləşdirilməsi layihəsini bloklayıb. Ankara öz infrastruktur layihələrinin əvvəlcə maliyyələşdirilməsini tələb edir. Layihə NATO-nun yanacaq təchizatını alyansın şərq və şimal cinahına qədər genişləndirməyi nəzərdə tutur və Rusiya ilə mümkün qarşıdurmaya hazırlığın bir hissəsi hesab olunur. Türkiyənin etirazı səbəbindən layihənin təsdiqi sentyabr ayına qədər təxirə düşə bilər.
Türkiyənin bu addımı NATO daxilində hansı siyasi mesajı verir və alyansdaxili münasibətlərə necə təsir göstərə bilər?
Layihənin gecikməsi NATO-nun şərq cinahının müdafiə planlarına və regional təhlükəsizlik balansına hansı təsirləri yarada bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Türkiyə NATO-nun aparıcı ölkələrindən biridir. Hətta deyərdim ki, ABŞ-dən sonra təşkilatı ayaqda saxlayan əsas ölkələrdən biridir. Bu, təkcə hərbi xərclərlə bağlı deyil. NATO ordusunun modernləşdirilməsi, təlimlərin keçirilməsi, əməliyyatların koordinasiyası və təşkilatın sərhədinin təhlükəsizliyinin təmin olunması baxımından da Türkiyənin rolu böyükdür. Bu səbəbdən Türkiyənin NATO-dan gözləntiləri digər üzv ölkələrdən daha çoxdur.
İnfrastruktur layihələrinin maliyyələşdirilməsi məsələsində də Türkiyənin tələblərini əsaslı hesab edirəm. Ümumiyyətlə, Türkiyəyə münasibətdə NATO daxilində bir sıra haqsızlıqların olduğunu düşünürəm. Türkiyə Alyansın ən çox yük daşıyan ölkələrindən biri olsa da, təşkilatın Ankaraya münasibəti hər zaman birmənalı olmayıb. Buna görə də Türkiyənin hazırkı mərhələdə bu layihəni bloklaması və öz layihələrinin reallaşdırılmasını tələb etməsi təbii qarşılanmalıdır.
Burada verilən mesaj da kifayət qədər aydındır. NATO-nun əsas prinsipi "hamı bir, biri hamı üçün" yanaşmasıdır. Bu baxımdan Türkiyə üçün həssas olan məsələlərə də Alyans eyni həssaslıqla yanaşmalıdır.
Məsələn, Türkiyənin F-35 proqramından çıxarılması bunun bariz nümunələrindən biridir. Bu, Ankara üçün ciddi siyasi və hərbi nəticələr doğurdu. Hazırda Türkiyə həm ABŞ-yə, həm də NATO-dakı müttəfiqlərinə öz çəkisini göstərərək müəyyən tələblər irəli sürür. Məncə, bu, normal yanaşmadır. Əslində burada yeni və ya xüsusi bir mesaj yoxdur. Ankara əvvəldən müdafiə etdiyi mövqeyi davam etdirir və sadəcə öz əhəmiyyətinin düzgün qiymətləndirilməsini istəyir.
Layihənin gecikməsinə gəlincə, NATO-nun şərq cinahının təhlükəsizliyində Türkiyənin rolu onsuz da əhəmiyyətlidir. Regional təhlükəsizlik balansına təsir baxımından da Türkiyə güclü dövlətdir və istənilən potensial rəqib belə bir ölkə ilə qarşıdurmanın nəticələrini ciddi şəkildə hesablayır.
Türkiyənin NATO üzvü olması da Alyansa qarşı mümkün hərbi addımlar barədə düşünən dövlətlər üçün mühüm çəkindirici amildir. Biz tez-tez Rusiyanın Baltikyanı ölkələrə və ya Polşaya qarşı mümkün hücumu barədə ssenarilərdən danışırıq. Lakin nəzərə almaq lazımdır ki, NATO ilə qarşıdurma eyni zamanda Türkiyə və ABŞ kimi güclü hərbi dövlətlərlə də qarşıdurma deməkdir.
Həm Türkiyə, həm də ABŞ hərbi potensialına görə dünyanın aparıcı dövlətləri sırasındadır. Belə ölkələrlə müharibə istənilən dövlət üçün son dərəcə ağır nəticələr doğura bilər. Türkiyə də güclü hərbi ənənələrə və ciddi müdafiə potensialına malik ölkədir. Buna görə də mən Türkiyənin bu məsələdə irəli sürdüyü tələbləri əsaslı hesab edirəm və düşünürəm ki, onların müəyyən hissəsi gələcəkdə öz həllini tapa bilər".
Zeynəb Mustafazadə