İrəvanın balans siyasəti və Moskvanın təzyiqi: Referendum nəyi dəyişəcək? – ÖZƏL

Ermənistanın "Hraparak" nəşri iddia edir ki, Moskva İrəvana ölkənin xarici siyasi kursunu müəyyənləşdirmək üçün AİB-də qalmaq və ya Aİ-yə inteqrasiya məsələsi ilə bağlı referendum keçirməyi təklif edib. Nəşrin yazdığına görə, Baş nazir Nikol Paşinyan referendum keçirəcəyini desə də, bunun vaxtını açıqlamayıb. Məqalədə qeyd olunur ki, Paşinyan bu məsələni uzadır və referendumun nəticələri, eləcə də mümkün geosiyasi risklər İrəvan üçün ciddi dilemma yaradır.

"Ermənistan artıq uzun müddətdir həm Avropa İttifaqı ilə çox yaxın münasibətlər qurur. Əslində, ölkənin xarici siyasət kursu elə formalaşıb ki, bir tərəfdən Avropa İttifaqına və ümumilikdə Qərbə inteqrasiya etməyə çalışır, digər tərəfdən isə Moskva ilə balanslaşdırılmış siyasət yürütməyə cəhd göstərir. Bu gün Moskvanın İrəvanın xarici siyasət kursuna təsir göstərmək istəyi də məhz bu məqsədə xidmət edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya çalışır ki, Ermənistanı yenidən öz təsir dairəsinə qaytarsın və onu öz geosiyasi orbitində saxlasın. Əsas məqsəd İrəvanın Avropa inteqrasiyasından uzaqlaşdırılmasıdır. Çünki Ermənistan uzun illər Rusiyaya yaxın dövlət olub və iqtisadi baxımdan böyük ölçüdə Rusiyanın subsidiyaları hesabına fəaliyyət göstərib. Bu gün həmin subsidiyaların həcmi azalır. Digər tərəfdən isə Ermənistanın daxilində gedən siyasi və iqtisadi proseslər də vəziyyətə təsir edir. Paşinyanın son dövrlərdə atdığı addımlar Moskvada ciddi narahatlıq yaradır. Çünki Ermənistanın Avropa İttifaqına və ümumilikdə Qərbə bu qədər yaxınlaşması Rusiyada belə qiymətləndirilir ki, İrəvan artıq daha müstəqil xarici siyasət yürütməyə çalışır. Rusiya isə bunu Cənubi Qafqazda öz təsir rıçaqlarının zəifləməsi kimi qəbul edir. Məhz buna görə də Moskva müxtəlif tələblər irəli sürərək Ermənistanı yenidən öz geosiyasi arealına qaytarmağa çalışır. Təbii ki, bu yanaşma Paşinyanın hazırkı siyasəti ilə tam uzlaşmır. Çünki Paşinyan artıq inteqrasiya yolunu seçib. O, Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla birlikdə daha geniş regional əməkdaşlığın formalaşmasını, eyni zamanda Avropa ilə və ümumilikdə Qərblə həm siyasi, həm də iqtisadi əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir. Paşinyanın məqsədi Ermənistan iqtisadiyyatını tədricən Qərb bazarlarına çıxarmaq və ölkənin iqtisadi əlaqələrini şaxələndirməkdir. Buna görə də Moskva bu gün İrəvana müxtəlif siyasi tələblər irəli sürür və faktiki olaraq Ermənistanın seçim etməsini istəyir. Bu kontekstdə referendum məsələsi də gündəmə gətirilir.

"Referendum məsələsinə gəldikdə isə, Ermənistan cəmiyyətində bu mövzu ilə bağlı vahid mövqe yoxdur. Əhalinin müəyyən hissəsi Avropa inteqrasiyasını dəstəkləyir, digər hissəsi isə hesab edir ki, Rusiyadan uzaqlaşmaq ölkə üçün əlavə risklər yarada bilər. Bu səbəbdən də Paşinyanın həyata keçirdiyi siyasətə müxtəlif münasibətlər mövcuddur. Eyni zamanda görürük ki, Ermənistan cəmiyyətində Rusiyayla münasibətlərin qorunmasını istəyən kifayət qədər insanlar var və onlar Moskva ilə yaxın əlaqələrin saxlanılmasını dəstəkləyirlər. Digər tərəfdən isə xüsusilə Avropa ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini və Avropa bazarlarına inteqrasiyanı daha üstün tutan sosial qruplar da mövcuddur. Onlar hesab edirlər ki, Avropa ilə əməkdaşlıq Ermənistanın iqtisadi inkişafı baxımından daha əlverişli imkanlar yarada bilər. Bu baxımdan baş nazirin ehtiyatlı davranması təbiidir. O çalışır ki, balanslı siyasət yürüdərək həm Qərblə, həm də Moskva ilə münasibətləri normal səviyyədə saxlasın. Məqsəd odur ki, nə Qərblə, nə də Rusiya ilə ciddi qarşıdurma və ya münasibətlərdə dərin gərginlik yaransın. Hazırda Paşinyanın həyata keçirdiyi siyasətin əsas mahiyyəti də bundan ibarətdir. Mən hesab edirəm ki, müəyyən mənada bu, praqmatik yanaşmadır. Çünki bir tərəfdən Ermənistan Rusiyadan tam imtina edə bilmir. Rusiya hələ də ölkə üçün iqtisadi və təhlükəsizlik baxımından mühüm tərəfdaşdır. Ermənistan məhsullarının əhəmiyyətli hissəsi Rusiya bazarında satılır və bu iqtisadi əlaqələr hələ də davam edir. Digər tərəfdən isə Ermənistan tədricən Avropa bazarlarına inteqrasiya etməyə, Avropa ilə iqtisadi və siyasi əlaqələrini genişləndirməyə çalışır. Bu baxımdan balanslı siyasətin aparılması hazırkı şəraitdə Ermənistan hakimiyyəti üçün ən real və məqsədəuyğun seçim kimi görünür", - deyə R. Məmmədova vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31