Strateji tərəfdaşlıqda yeni mərhələ

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat və investisiya istiqamətlərində də institusional əsaslar üzərində inkişaf etdiriləcəyini nümayiş etdirdi. Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olmaqla yanaşı, Avropanın təhlükəsizlik, və xarici siyasət gündəliyinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan ilə strateji dialoqun başlanması Cənubi Qafqaz regionunda əməkdaşlıq imkanlarının genişlənməsi üçün yeni perspektivlər yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq.  İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkənin həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla etibarlı əməkdaşlıq modelini formalaşdırmasını təmin edir. Almaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi Azərbaycanın Avropadakı siyasi mövqelərinin daha da möhkəmlənməsini təmin edəcək. İmzalanmış Birgə Bəyannamə gələcək illərdə siyasi məsləhətləşmələrin, hökumətlərarası əməkdaşlığın və institusional əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün hüquqi,  siyasi baza yaradır.

Azərbaycan-Almaniya iqtisadi əlaqələri artıq uzun illərdir inkişaf edir. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi iki ölkə arasında uğurlu biznes mühitinin formalaşdığını göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdi kimi, qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti çərçivəsində sənaye, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat-logistika və yaşıl enerji kimi sahələr Almaniya şirkətləri üçün geniş imkanlar açır. Almaniyanın qabaqcıl texnologiyaları və sənaye təcrübəsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər.

Səfərin ən mühüm nəticələrindən biri enerji əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki,  bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.

Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun davamlı şəkildə artdığını göstərir. Son illərdə enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün strateji prioritetə çevrilib və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil, həm də yaşıl enerjinin ixracını prioritet istiqamət kimi müəyyən edib. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyalarına yatırılan sərmayələr və yaşıl enerji dəhlizləri gələcəkdə Almaniya ilə enerji əməkdaşlığını daha da genişləndirə bilər.

Azərbaycan-Almaniya münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilmir.  Bu əməkdaşlıq, həmçinin Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin möhkəmlənməsinə  xidmət edir.   Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, keçirilən görüşlər artıq Azərbaycan-Almaniya münasibətlərinin strateji xarakter aldığını təsdiq edir. İmzalanmış sənədlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və nəqliyyat-logistika sahəsində birgə fəaliyyət üçün yeni imkanlar açır.

Səlim Rəhimzadə,
"Suraxanı Oyl S.A" Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31