Azərbaycan–Almaniya münasibətlərinin inkişafı Azərbaycan–Aİ əlaqələri üçün mühüm əhəmiyyət daşıyır- ÖZƏL
11:11 Siyasət"Almaniya Avropa İttifaqının (Aİ) aparıcı siyasi-iqtisadi gücü olmaqla yanaşı, Avropanın qərarvermə proseslərində xüsusi çəkiyə malik dövlətdir. Bu baxımdan Azərbaycan-Almaniya münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı qeyd etdiyi kimi, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir: "Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir".
Bu gün Almaniya şirkətləri Azərbaycanda ən fəal xarici investor və tərəfdaşlar sırasında yer alırlar. Artıq 200-dən çox Almaniya şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, maşınqayırma, logistika, tikinti, enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və xidmət sektorunda mühüm layihələr həyata keçirirlər.
Səfər zamanı qarşılıqlı investisiyaların artırılması, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində konkret təkliflərin irəli sürülməsi qarşıdakı dövrdə iqtisadi əməkdaşlığın miqyasının daha da genişlənəcəyini nümayiş etdirir. Azərbaycanın əlverişli investisiya mühiti, müasir nəqliyyat infrastrukturu, sabit siyasi vəziyyəti və regionun əsas logistika mərkəzinə çevrilməsi Almaniya biznesi üçün yeni imkanlar yaradır.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq son illərdə xüsusi dinamika qazanıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Bu isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Almaniyaya neft ixracını davam etdirir və gələcəkdə yaşıl enerji layihələri vasitəsilə Avropa bazarına elektrik enerjisinin çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri və yaşıl enerji dəhlizinin yaradılması Azərbaycanı Avropanın enerji keçidində etibarlı tərəfdaşa çevirir. Enerji sahəsində əməkdaşlığın genişlənməsi həm də iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyev səfər zamanı çıxışında nəqliyyat və tranzit imkanlarına da toxunub. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkəni Avrasiya məkanının əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Orta Asiya ilə Avropa arasında körpü rolunu daha da gücləndirib. Orta Dəhliz üzrə yükdaşımaların artması, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir avtomobil magistralları Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Almaniya şirkətlərinin logistika və nəqliyyat sahəsində zəngin təcrübəsi bu istiqamətdə yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır".