Vaşinqtonun Yaxın Şərqdəki yeni dayaq nöqtəsi: İordaniya nədən ön plana çıxır? – ÖZƏL
16:55 Siyasət"ABŞ-İran qarşıdurmasının indiki mərhələsində İordaniyanın ön plana çıxmasını təsadüfi saymaya bilərik. Çünki bu ölkə coğrafi mövqeyi, siyasi sabitliyi və Vaşinqtonla uzunmüddətli təhlükəsizlik işbirliyi sayəsində Yaxın Şərqdə ən güvənli dayaq məntəqələrindən birinə çevrilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, son aylarda ABŞ-nin bölgədəki qüvvələrinin bir bölümünü İordaniya yönündə yenidən yerləşdirməsi də məhz İranın raket və pilotsuz uçuş aparatları ilə Körfəz ölkələrindəki bazalara yaratdığı artan risklərlə bağlıdır. Gəlin İordaniyanın strateji önəmini artıran başlıca amilləri sıralamağa çalışaq: Birincisi, ölkə İranın birbaşa sərhədində olmasa da, İran, İraq, Suriya və İsrail istiqamətlərinə operativ çıxış imkanı verir. Bu, həm müdafiə, həm də hücum xarakterli əməliyyatların planlaşdırılması baxımından əlverişli mövqedir. İkincisi, İordaniya bölgənin ən sabit və Qərblə işbirliyinə açıq ərəb dövlətlərindən biridir. Bu da ABŞ üçün hərbi-logistik fəaliyyət baxımından yüksək güvənirlik yaradır. Üçüncüsü, burada yerləşdirilən hava hücumundan müdafiə sistemləri və hərbi infrastruktur həm ABŞ qüvvələrinin, həm də müəyyən anlamda İsrail istiqamətinin təhlükəsizliyində önəmli rol oynayır. Lakin bunun digər tərəfi də var. ABŞ qüvvələrinin İordaniyada toplanması bu ölkəni İran üçün daha prioritet hədəfə çevirir. Son hadisələr göstərir ki, Tehran Vaşinqtonun bölgədəki hərbi mövcudluğunun qiymətini artırmağa çalışır və məhz bazalara endirilən zərbələrlə ABŞ-ın əməliyyat azadlığını məhdudlaşdırmaq istəyir.
Türkoloqun sözlərinə görə, qüvvələr balansı baxımından isə bu proses bir neçə nəticə doğura bilər. ABŞ bölgədəki hərbi infrastrukturunu daha çevik və dispers şəkildə təşkil etməyə çalışacaq. Yəni öncəki kimi əsas yükün bir neçə Körfəz bazasında toplanması yerinə, daha geniş coğrafiyada bölüşdürülməsi tendensiyası güclənəcək. Eləcə də, İordaniyanın geosiyasi çəkisi önəmli dərəcədə artacaq. Bu ölkə artıq sərhəd təhlükəsizliyi baxımından da, ABŞ-nin bölgəsəl strategiyasının əsas logistik və koordinasiya mərkəzlərindən biri kimi çıxış edir. Üçüncüsü, qarşıdurmanın genişlənməsi riski artır. Çünki İordaniya ərazisində baş verən hər hansı ciddi insident ABŞ və İran arasında olduğu kimi, İsrail, Körfəz ölkələri və digər bölgəsəl aktorların da prosesə daha dərindən cəlb edilməsinə səbəb ola bilər.
"Yaxın Şərqdə geosiyasi ağırlıq mərkəzinin müəyyən qədər Körfəzdən Levant istiqamətinə - özəlliklə İordaniyaya doğru hərəkətini müşahidə edirik. Bu isə göstərir ki, qarşıdakı dönəmdə İordaniya tranzit ölkə olmaqla yanaşı, bölgəsəl təhlükəsizlik arxitekturunun əsas sütunlarından biri kimi çıxış edəcək. Bununla birgə, onun üzərinə düşən təhlükəsizlik yükü və risklər də paralel şəkildə artacaqdır", - deyə ekspert qeyd edib.
Səidə Ramazanova