ABŞ-ın İordaniyadakı hərbi yerləşdirməsi münaqişənin gedişini dəyişəcək?-Politoloq rəyi- ÖZƏL
16:15 SiyasətABŞ-İran qarşıdurmasının hazırkı mərhələsində İordaniya əsas strateji nöqtələrdən birinə çevrilib. İranın zərbələrinin əsas hissəsi bu ölkədəki ABŞ hərbi bazalarını hədəf alır. Eyni zamanda, Vaşinqton Bəhreyn, BƏƏ və Qətərdəki hərbi qüvvələrinin bir hissəsini İordaniyaya yerləşdirərək bu ölkənin regional əhəmiyyətini daha da artırıb.
ABŞ-İran qarşıdurmasında İordaniyanın əsas hərbi və geosiyasi mərkəzə çevrilməsinin səbəbləri nələrdir ABŞ-ın hərbi qüvvələrini İordaniyada cəmləşdirməsi Yaxın Şərqdə qüvvələr balansına və münaqişənin gələcək gedişinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki ən böyük hərbi bazalarından biri məhz İordaniya ərazisində yerləşir. İran-ABŞ qarşıdurmasının başlanmasından bəri İordaniya ərazisində yerləşən bu baza dəfələrlə İranın zərbələrinə məruz qalıb.
40 günlük münaqişə dövründə Körfəz ölkələrindəki Amerika hərbi hədəflərinə zərbələr endirilməsi və müəyyən yerləşmələrin dəyişdirilməsi də bununla bağlıdır ki, ABŞ hərbi bazalarında itkiləri minimuma endirmək üçün qüvvələrin yerləşdirilməsində bu cür dəyişikliklər edir.
Bir daha qeyd edim ki, İordaniyanın hədəfə alınmasının əsas səbəbi Amerikanın ən böyük hərbi bazalarından birinin burada yerləşməsidir. Bu ölkə strateji baxımdan olduqca önəmlidir. Qətər və digər Körfəz ölkələrində yerləşən Amerika hərbi qüvvələrinin müəyyən hissəsinin İordaniyada yerləşdirilməsi hansısa güc balansının dəyişməsi demək deyil.
Bu, sadəcə olaraq qüvvələrin daha yaxşı müdafiə olunması, itkilərin və risklərin azaldılması məqsədilə həyata keçirilən hərbi yerləşdirmədir.
Bu baxımdan İordaniya İran üçün strateji hədəf hesab olunur. İordaniya həm İsraillə münasibətləri normallaşmış ölkədir, həm də ABŞ ilə çox sıx əlaqələrə malikdir. Eyni zamanda Qərblə münasibətləri də kifayət qədər yaxşıdır.
Bundan əlavə, qeyd etdiyim kimi, burada böyük hərbi baza yerləşir. Xüsusilə ABŞ-ın çox sayda təyyarəsi və radar sistemləri də bu ərazidə mövcuddur. Bu səbəbdən də İordaniya İran üçün hədəflərdən birinə çevrilib.
Amma Yaxın Şərqdə qüvvələrin bir ölkədən digərinə yönləndirilməsi və ya yerinin dəyişdirilməsi ABŞ-ın bölgədəki gücünün azalması və ya hansısa ölkənin əhəmiyyətinin artması demək deyil. Bu, sadəcə olaraq mövcud təhlükəsizlik şəraitində qüvvələri qorumaq məqsədilə atılan addımlardır.
Bu nə bölgədə güc balansına, nə də ki münaqişənin gələcək taleyinə ciddi təsir edəcək amil deyil".
Zeynəb Mustafazadə