Azərbaycan-Almaniya əməkdaşlığında yeni perspektivlər: Enerji və Orta Dəhliz ön planda- ÖZƏL

" Azərbaycan Respublikası Prezidentinin Almaniyaya rəsmi səfəri, əlbəttə ki, hər iki tərəf üçün əhəmiyyətlidir və Azərbaycanla Almaniya arasında olan münasibətləri növbəti, daha yüksək mərhələyə addım kimi qiymətləndirmək olar. Bugün Almaniya Avropanın aparıcı iqtisadiyyatıdır, dünyada isə üçüncü iqtisadiyyatdır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq bizim üçün çox faydalıdır. Xüsusilə enerji təhlükəsizliyinin təminatı baxımından. Ona görə ki, Azərbaycan öz qaz ehtiyatlarını dünyanın 16 ölkəsinə, o cümlədən Avropa Birliyinin 10 ölkəsinə və Almaniyaya çatdırır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Murad Sadəddinov söyləyib:

"Bu baxımdan Almaniya bu gün ənənəvi olaraq Rusiyadan aldığı qaz həcmini artıq təmin edə bilmir, məlum səbəblərə görə. Almaniya Azərbaycanla bu sahədə münasibətləri genişləndirməkdə çox maraqlıdır. Eyni zamanda demək olar ki, Azərbaycan da Almaniyanın sənayesini, Almaniyanın sənaye sahəsindəki təcrübəsini, yaşıl enerji, alternativ enerji və başqa sahələr üzrə qeyri-neft sektorunda tətbiq etməyə maraqlıdır. Bu gün Almaniya çox maraqlıdır ki, Azərbaycan Orta Dəhlizin əsas ölkəsi kimi onunla əməkdaşlıq etsin və bizim vasitəmizlə Orta Asiya və Çinlə lazım olan nəqliyyat-logistika şəbəkələrini qursun. Hesab edirəm ki, perspektivlər çox böyükdür və gələcəkdə bu sahədə ciddi irəliləyiş olacaq. Eyni zamanda bu layihələrin hamısını həyata keçirmək üçün Almaniya, birinci növbədə, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin olmasında maraqlıdır. Bu baxımdan Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sülh siyasətini birmənalı olaraq dəstəkləyir. Düşünürəm ki, bu sahədə Almaniya, Avropa Birliyinin əsas iqtisadi ölkəsi və ən böyük dövləti olaraq, öz töhfələrini verəcək və Avropa Birliyinin siyasətinə də təsir göstərəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31