Rus deputatdan Azərbaycana qarşı HƏYASIZLIQ
15:16 SiyasətRusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev Azərbaycanın Almaniya və bütövlükdə Avropa ilə münasibətlərini inkişaf etdirmək siyasətindən narazılığını ifadə edərək Bakıya qarşı hədə çalarları daşıyan açıqlamalar verib. Deputat Azərbaycanı Ukrayna və Ermənistanın "səhvlərindən nəticə çıxarmağa" çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tolmaçev bu fikirləri lenta.ru-ya açıqlamasında səsləndirib.
Deputatın qıcıqla qarşılamasına səbəb prezident İlham Əliyevin Azərbaycanın Almaniya ilə strateji dialoqa başlamaq və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətini açıqlaması olub. Azərbaycan prezidenti Bakı-Berlin münasibətlərinin regionda əməkdaşlığa, sülhə və sabitliyə töhfə verəcəyini bildirib.
Tolmaçev isə Azərbaycanın müstəqil şəkildə Avropa ilə əlaqələrini genişləndirməsini Rusiyadan uzaqlaşma kimi təqdim edib. "Bakı İrəvanın yolu ilə getmək qərarına gəlib. Qeyd edim ki, Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq kursu hələ heç kimə uğur gətirməyib. Əksinə, təcrübənin göstərdiyi kimi, belə qərar iqtisadi və siyasi problemlərlə nəticələnir. Ermənistan Rusiya ilə etibarlı, möhkəm və perspektivli əlaqələrin qırılması nəticəsində yaranmış çətinliklərin əziyyətini artıq çəkir. Təəssüf ki, Azərbaycan Ukrayna və Ermənistanın səhvlərindən dərs çıxarmır", - deyə rus deputat başından böyük qələt edib.
Rusiyalı deputat Ukraynanın onun ölkəsini nə günə qoymasının dərdini çəkmək əvəzinə. Azərbaycanı təhdid edir. Duma üzvü unudub ki, Moskvada başlarını əyə-əyə, sığınacaqlarda gizlənərək Ukrayna dronlarından özlərini qoruyurlar. Bu hədə həmçinin, Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə hesablanmış təxribatdır. Bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı ilə görüşüb. Rusiya XİN başçısı Lavrov Azərbaycanla əlaqələrin normallaşmasından danışıb. Lakin göründüyü kimi, bir gün sonra Kiyevdəki səfirliyimiz raketlə vurulur, sonra Duma üzvü Azərbaycanı Ukrayna ilə müqayisə edir...