Əli Kərimli müxalifəti Müsavatın üstünə qaldırır - SIYASI ANALIZ
AXCP-yə yaxın mətbuat Müsavatı dağıdıcı, separatçı kimi təqdim edir
11 Dekabr 2013 16:40 SiyasətMilli Şuradan çıxmaq istəyi Müsavat Partiyası üçün çoxsaylı problemlər yaradıb. Milli Şuranın mitinq qərarı ilə öz qərarını ertələyən Müsavat danışıqlar aparır. Bu barədə Divan qərar verib. Müsavat Milli Şuraya daxil olan partiyalarla danışıqlara başlayıb. Məqsəd heç şübhəsiz ki, Milli Şurada qopmalara nail olmaqdır. Yəqin ki, Müsavat KXCP-nin Milli Şuradan çıxmasına nail olmaq istəyir. AXCP isə Müsavatın danışıqlarına mane olmaq üçün bütün vasitələri işə salıb. Dalbadal açıqlamalar verən AXCP funksionerləri Milli Şuranı əsas güc mərkəzi kimi təqdim edirlər. Məqsəd Müsavatın bütün manevr imkanlarını məhdudlaşdırmaq, Milli Şurada mərkəzdənqaçmanı əngəlləməkdir. İnsafən, Milli Şurada mərkəzdənqaçma meylləri yoxdur. Şuranın əsas üzvləri AXCP, KXCP və El hərəkatı qurumu yaşatmaq istədiklərini qeyd ediblər. Müsavat faktiki olaraq qurum daxilində təklənib. Maraqlıdır ki, Müsavatın təklənməsini, müxalifət daxilində bölücü kimi təqdim olunmasını, vurulub sıradan çıxarılmasını AXCP ilə yanaşı ACP, ALP, KXCP, Müsavatdan ayrılmış şəxslər də istəyir. Bir zaman Müsavatda olmuş şəxslər Sülhəddin Əkbər, İbrahim İbrahimli də Müsavat qarşı hücuma keçib. Bunu təşkil edən isə AXCP-dir. Bu adamlar bir mənalı şəkildə Müsavatın üzərinə yeriyir, AXCP-nin marağından çıxış edirlər. İlk olaraq Vidadi Mirkamal "Müsavat Milli Şuradan çıxarsa, siyasi intihar etmiş olacaq" bəyanatını verdi. Ardınca, Sülhəddin Əkbər İsa Qəmbərin keçmiş silahdaşı və qohumu kimi onun sirrlərini faş etdi. Bildirdi ki, Müsavatın əsas marağı heç də Milli Şuranın siyasi orientasiyası zad deyil. İsa Qəmbər qurumda həmsədr olmaq istəyirmiş. Dünən isə saytlarda Müsavatın sabiq Divan üzvü İbrahim İbrahimlinin açıqlaması yayılıb. İbrahimli İsa Qəmbərin Cəmil Həsənlinin 200 min səs toplaması ilə bağlı verdiyi bəyanatın xəta olduğunu deyib. Həmin gün ALP-dən yayılmış açıqlamada qeyd olunub ki, liberallar Müsavatla əməkdaşlıq etmək niyyətində deyillər.
Göründüyü kimi AXCP bütün arsenalını işə salıb ki, prosesdən uduşla çıxsın. Bir sıra ekspertlər hesab edirlər ki, AXCP sədri Əli Kərimli Müsavat Partiyasından 2000-ci ilin heyfini çıxmaq istəyir. Qeyd edək ki, həmin ilin sentyabrında Müsavat faktiki olaraq AXCP-nin parçalanmasına qərar vermiş, "klassiklər"i partiya kimi tanımışdı. AMİP-in dəstəyi olmasaydı, yəqin ki, Əli Kərimlinin siyasi karyerası təhlükəyə düşəcəkdi. Ara-sıra sosial şəbəkələrdə AXCP fəallarının yazdığı "Müsavatda əqidəli fəallar bizimlədir", "Müsavatın rayon şöbələri Milli Şurada qalmaq istəyir", "Müsavatı Milli Şuradan İsa Qəmbər-Arif Hacılı və Rauf Arifoğlu qoparır" kimi fikirlər Əli Kərimlinin perspektiv addımlarının anonsu sayıla bilər. Görünür, AXCP sədri Müsavatı parçalamaq niyyətindədir. Hər partiyada olduğu kimi Müsavatda da narazılar var. Əli Kərimli həmin narazıları öz ətrafına toplamaq, Müsavat adında qurum yaratmaq və Milli Şurada saxlamaq niyyəti güdür. Son günlər sosial şəbəkələrdə AXCP fəallarının aqressivləşməsi, partiya funksionerlərinin kəskin statusları göstərir ki, AXCP-Müsavat savaşı bu dəfə daha ciddi olacaq. Artıq Müsavata bir zamanlar İsa Qəmbər düşərgəsində olmuş yazarlar da qatılıb. Onların dəstəyi Müsavata uğur qazandırmasa da, hər halda Əli Kərimlidən narazıların meydana çıxması "savaş alanı"nı daha da böyüdəcək. Müsavat parçalanmadan yayınmaq üçün müttəfiqlər tapmalıdır. Əks halda, radikal düşərgənin qara piarına hədəf olacaq.
Ərhun Abbas