Milli mətbuatımız istiqlal uğrunda mübarizənin aynası oldu- ÖZƏL
11:15 Siyasət"Böyük ziyalımız Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də ana dilimizdə dərc etdiyi "Əkinçi" qəzeti qaranlıqda yandırılmış şama bənzədi. Xalqımızın yoluna işıq tutuldu. Yanan hər bir şam sönsə də, "Əkinçi" şamının ziyası heç bir zaman sönmədi, əksinə daha da gur yandı.
Qəzetin adı zahirən torpağı əkib-becərməklə məşğul olan şəxslərin peşəsi mənasını daşısa da, mahiyyətinə və məqsədlərinə görə daha dərin idi. "Əkinçi" xalqımızın arasında maarifçilik, milli özünüdərk, milli kimlik və milli hədəfləri müəyyənləşdirən sağlam toxumlar səpdi. Cəmi 56 nömrəsi işıq üzü görsə də, bağlansa da, səpilən toxumlar cücərdi, bəhrəsini verdi, mətbuatımızın formalaşmasında misilsiz rol oynadı. Ondan sonra ana dilli yeni mətbuat orqanlarımız yarandı. Həmin qəzetlər xalqımızın maariflənməsində, maraqlarının qorunmasında və gələcəyə baxışının formalaşmasında özünəməxsus yer tutdular". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib:
"Milli mətbuatımız zəngin və qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə sahib xalqımızın arzularının və istiqlal uğrunda mübarizənin aynası oldu. Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrinə ünvanlandığı təbrik məktubunda cənab Prezident İlham Əliyevin aşağıdakı fikirləri keçilən yola verilən böyük qiymətdir: "Azərbaycan mətbuatı... görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir."
Dövlətimiz ölkəmizdə medianın inkişafı üçün bütün şəraiti yaradıb. Mövcud qanunvericilik bazası daim təkmilləşdirilir. Müharibə şəraitində olsa da, hələ 1998-ci ilin avqust ayında Ulu öndər Heydər Əliyev kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etdi. Bu, medianın inkişafında yeni inkişaf mərhələsinin başlanğıcını qoydu.Torpaqlarımızın işğalçılardan azad edilməsindən ötrü aparılan ədalətli Vətən müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən mediamız vahid ideoloji mübarizə ordusunun əsgəri oldu. Ərazilərimizin işğaldan azad edilməsindən sonra da jurnalistlərimiz yüksək vətənpərvərlik hissləri ilə örnəkdirlər.
Dövlət, Millət və Vətən maraqlarımızı hər şeydən üstün tutan, tarixi minilliklərə gedib çıxan və bizi ayaqda saxlayan milli-mənəvi dəyərlərimizi göz bəbəyi kimi qoruyan peşəkar media nümayəndələrini təbrik edirəm!"