Rəsmi Berlin Azərbaycanı regionda təhlükəsizliyin əsas təminatçısı kimi görür- ÖZƏL
10:49 Siyasət"Almaniya Avropa İttifaqı üzvləri arasında Azərbaycanın artıq 10-cu strateji tərəfdaşıdır. Amma bu dövlətin potensialını və sözügedən qurumdakı çəkisini nəzərə alsaq, onunla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi bizim üçün ABŞ və Çinlə olduğu qədər önəmlidir.
"Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"də ölkəmizin maraqları baxımından ən çox diqqətimi çəkən məqam orada hərbi sənaye, müdafiə və regional təhlükəsizlik sahəsində əməkdaşlığın əksini tapmasıdır. Bu, Azərbaycanın hərbi sənayesinin modernləşdirilməsinə və tədarükün şaxələndirilməsinə alman texnologiyasının cəlb edilməsi, hər iki ölkənin hərbi kadrlar hazırlayan qurumları arasında ekspert, tədqiqatçı və tələbə mübadiləsi isə sözügedən sahədə əməkdaşlığın davamlı və institutsional xarakter alacağı deməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:
"Sənəddə müdafiə və xarici işlər nazirlikləri səviyyəsində qlobal təhlükəsizlik çağırışları ilə bağlı davamlı məsləhətləşmələr də yer alıb ki, bu da, heç şübhəsiz, rəsmi Berlinin Azərbaycanı regionda təhlükəsizliyin əsas təminatçısı və "Orta Dəhliz"də bağlantı, logistika üzrə mühüm tərəfdaşı kimi görməsidir.Yəni hiss olunur ki, Azərbaycanın logistik qovşağa çevrilməsi Almaniya və bütövlükdə Avropa üçün onun dəyərini enerji tədarükçüsündən də çox artırıb. İndi orada ölkəmizi sadəcə xammal bazası olaraq görmürlər. Almaniya Kansleri Fridrix Mertsin "Azərbaycanın investisiya proqramı alman şirkətləri üçün yeni və olduqca cəlbedici iqtisadi imkanlar yaradır" sözlərindən belə anlaşılır ki, Orta Dəhliz boyunca dəyər zəncirinin yaradılmasında onun ölkəsinin şirkətləri fəal yer almaq, burada geniş istehsalat qovşağı qurmaq niyyətindədir.
Əlbəttə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu səfərində gündəlikdəki əsas məsələlərdən biri də qaz ixracı və enerji sahəsində əməkdaşlıq idi. Nəticə belədir ki, Azərbaycan Almaniyanın qazla təminatına daha böyük töhfə vermək haqqında razılaşma ilə yanaşı, Avropanın yaşıl enerji ixracatçısı statusunu da Berlində təsdiqlətmiş oldu".