Azərbaycanda sosial partlayış gözlənilmir
11 Dekabr 2013 16:23 Siyasət"Qətiyyətlə deyə bilərəm ki, hökumət nə etməli olduğunu çox gözəl bilir və zaman-zaman da bunu sübut edib. Bizi qiymət artımı ərəfəsində, yaxud bundan sonra da hər hansı sosial partlayış və gərginliyin olacağı ilə bağlı qorxutmağa, ictimaiyyəti bir növ çaşdırmağa çalışıblar. Lakin bunlar heç vaxt təsdiqini tapmayıb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri vitse-spiker Bahar Muradova ölkədə yanacağın qiymətinin artmasının sosial partlayışa səbəb olacağı barədə səslənən fikirlərə münasibət bildirirkən vurğulayıb. Bahar Muradova qeyd edib ki, dünyada gedən proseslərdən kənarda qalmaq olmaz, onun tendensiyasını nəzərə almaq vacibdir: "İstər qiymət artımı, istərsə də qiymət artımından sonra yarana biləcək proseslərin qarşısının alınması, yəni ehtiyacı olan təbəqənin maraqlarının təmin edilməsi ilə bağlı Azərbaycan hökuməti addımlar atıb. Mən hökumətimizə inanıram və hər bir Azərbaycan vətəndaşına bu inamı təlqin edərək demək istəyirəm ki, heç nədən narahat olmasınlar. Bizi heç bir sosial partlayış, gərginlik gözləmir. Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün çox ciddi addımlar atacaq".