Rusiya İrəvanda Dağlıq Qarabağla vurula bilər
Aykazun Alvrtsyan iddia edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılmasında Azərbaycan, Türkiyə və Rusiya razılığa gəliblər
11 Dekabr 2013 15:59 SiyasətATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Ukraynanın paytaxtı Kiyevdə keçirilən sammitində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu 10-a yaxın rəsmi görüş keçirdi. Görüşlərin hamısında Əhməd Davudoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini masa üzərinə yatırdı. Məsələdən dərhal sonra Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək toplantısına getmək qərarını verdi. Türkiyə XİN başçısı İrəvana getməmişdən qabaq Dağlıq Qarabağ münaqişəsi barədə pozitiv açıqlamalar verir. Türkiyə mətbuatı isə yazır ki, Ərdoğan hökuməti ölkəsinin mövqeyini Ermənistan rəhbərliyinə Davudoğlu vasitəsilə çatdıracaq. İrəvanda Ermənistan-Türkiyə sərhədlərinin açılmasının qarşılığında Serj Sərkisyan hökumətinin qarşısına qoyulan əsas şərt isə ilkin mərhələdə Ermənistan Azərbaycanın işğal altında olan 7 rayonundan öz qoşunlarını çəkməlidir. Davudoğlunun xarici işlər naziri Edvard Nalbəndyan və prezident Serj Sərkisyanla görüşü planlaşdırılır. Türkiyə tərəfi həmçinin prezidentlərin Vyana görüşünü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətli hal kimi dəyərləndirir. Sərkisyan da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra yerli KİV qarşısındakı çıxışında Vyana görüşünü münaqişənin həll edilməsi istiqamətində atılmış vacib və ilkin addım adlandırdı. Davudoğlunun İrəvana getməsinin və Vyana görüşünün təyin edilməsindən çox qabaq yenə də Türkiyənin "Sabah" qəzeti Ermənistanın Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanı Azərbaycana geri qaytarmağa razı olduğunu bildirdi. Dekabrın 9-da Türkiyə mətbuatı həmin iddiaları yenə təkrarladı və bildirdi ki, 7 rayon Əhməd Davudoğlunun İrəvan səfərində Azərbaycana geri qaytarılacaq. Həmin məsələlərdən daha əvvəl - 2009-cu ildə Türkiyə baş nazirinin müavini Əli Babacanın QDİƏT-in yenə də İrəvan toplantısında iştirakı da maraqlı məqamlarla yadda qaldı. Babacan Ermənistan səfərində Sərkisyan və Nalbəndyanla görüşdü. Görüşdən 6 ay sonra isə Sürixdə Ermənistan və Türkiyə arasında məlum protokollar imzalandı. Ə.Babacan İrəvana getməmişdən qabaq da Türkiyə tərəfindən müəyyən nəticələrin əldə olunacağı iddia edilirdi və Sürix protokolları imzalandı. Lakin yenə də Ermənistan tərəfinin qərəzi nəticəsində tarixi sənədin şərtləri yerinə yetirilmədi. İndi də Davudoğlunun Ermənistana səfəri ərəfəsində belə bir iddialar irəli sürülür. Ermənistanın qondarma "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşdığı ərəfədə İrəvana getməsi bəzi tarixi problemlərin həllində müsbət nəticələr ortaya qoya bilər. "Qərb Ermənilərinin Problemlərinin Araşdırılması" Mərkəzinin direktoru Aykazun Alvrtsyan da yerli mətbuata açıqlamasında iddia edir ki, qeyd edilən rayonların Azərbaycana geri qaytarılması üçün razılaşma Azərbaycan, Türkiyə və Rusiya arasında olub. A.Alvrtsyan iddia edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar Ə.Davudoğlunun İrəvana səfəri çərçivəsində Azərbaycana geri qaytarılacaq.
ABŞ və Qərbə qarşı güclü "Şərq klanı" yaranır
Rusiyadan asılı olan Ermənistanda iqtisadi inkişaf durğunluq dövrünü keçirir. Artıq bu ölkə 1991-ci ildən keçid dövrünü yaşayır. Avropa İttifaqının Vilnüs sammitində prezident Serj Sərkisyanın Qərb liderlərinə rədd cavabı verməsi Ermənistanın vəziyyətini bir qədər də çətinləşdirəcək. 22 ildir Rusiyayönlü siyasət yürüdən erməni hakimiyyətlərinin səylərinə baxmayaraq, Rusiya Ermənistana investisiya yatırmaq fikrində deyil. Erməni prezidentlərin hamısının ikili standartlara cavab verən oyun sərgilədiyini yaxşı bilən Kreml Ermənistanı ac qarnına tabeliyində saxlamağa üstünlük verir. Bütün bunları nəzərə alan Ermənistan Rusiyaya xəyanət edərək, siyasi xəttini Qərbə yönəldəcək və Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına, Türkiyə ilə sərhədlərin açılmasına razılıq verəcək. İkinci iddia isə Türkiyənin xarici siyasət oxunun ya Rusiya, ya da ki, Qərb və ABŞ-a yönəlməsi məsələsidir. ABŞ və Qərbin əsas qınaq hədəflərindən biri olan Türkiyə Rusiya ilə Dağlıq Qarabağ mövzusunda razılığa gələ bilər. Üçüncüsü isə bu, Türkiyə və ABŞ-ın Rusiyaya qarşı hazırladığı oyun da ola bilər ki, Ermənistan da bununla razılaşıb. Davudoğlunun İrəvan səfərində Sərkisyan Azərbaycan torpaqlarını geri qaytarılmasına razılıq verəcək və NATO sülhməramlı missiyasını Qarabağa yeridəcək. Bu isə Rusiyanın əl-qolunu bağlamaqla yanaşı regionda müharibə ehtimalını qızışdıracaq. Dördüncüsü, bu Rusiya və Türkiyənin Qərblə ABŞ-a qarşı hazırladığı gizli ssenari də ola bilər. Türkiyə Qərbə inteqrasiyadan əl çəkərək Çin, Rusiya və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrilə razılığa gələcək. Belə olan təqdirdə isə Qərbə qarşı yaranmış güclü Şərq klanı ABŞ-ı regiondan sıxışdırıb çıxarcaq. Qərbin Yaxın Şərq planı tamamilə iflasa uğrayacaq.
Abramoviç və Edelmanın hesabatı qərəzlidir
ABŞ-ın "Bipartisan Policy Center" təşkilatı bir müddət əvvəl "Amerikanın Türkiyə siyasi xəttinin yenidən çəkilməsi" başlıqlı hesabatını yaydı. Hesabat ABŞ-ın Türkiyədəki keçmiş səfirləri Abramoviç və Edelman tərəfindən hazırlanıb. Amerikalı diplomatlar bildirirlər ki, AKP hakimiyyətə keçəndən sonra Türkiyə xarici siyasət oxunu Şərqə çevirib. Keçən illər ərzində Ərdoğan hökuməti sünni Müsəlman Qardaşları, Suriya vətəndaş müharibəsində əhəmiyyətli pay sahibi olan "əl-Nüsra" təşkilatı ilə geniş əlaqələr yaradıb. Təşkilat Baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ və Qərblə bağlı düzgün siyasi xətt tutmadığını iddia edir.
Həmçinin Türkiyənin Çin, Rusiya və Şanxay Əməkdaşlığı Təşkilatı ölkələrilə yaxınlaşma siyasətinə getdiyi deyilir. Bu isə Türkiyənin sürətlə Qərbdən uzaqlaşması kimi xarakterizə edilir. Hesabatda AKP hökumətinin İran, Suriya, İraq və İsraillə əlaqələri qırma həddinə gətirməsi də diqqətə çatdırılır. ABŞ isə bunun qarşılığında Ərdoğan hökumətindən Qərbə yönəlik siyasi xəttini tamamilə dəyişməsini tələb edir və Türkiyənin daxili, xarici siyasətinə qarışır. Bu AKP tərəfindən qəti şəkildə narazılıqla qarşılanır. Belə olan təqdirdə Türkiyənin Rusiya və Çinlə birlikdə Qərb klanına qarşı olması dördüncü iddiaya əsas verə bilər. Lakin onu da nəzərə alsaq ki, ABŞ İranla razılığa gəlib və Ukrayna Prezidenti Viktor Yanukoviç Avropa İttifaqına qoşulacaqları ilə bağlı qərar verib bu, daha çox Türkiyə və Qərbin Rusiyaya hazırladığı oyuna oxşayır. Hər halda bütün suallara cavab və verilən proqnozların həqiqət olub olmaması Ə.Davudoğlunun Sərkisyan və Nalbandyanla görüşündən sonra məlum olacaq.
Mənsur Rəğbətoğlu