“Azərbaycan heç bir bloklaşmada iştirak etməyəcək” - AÇIQLAMA
Aydın Ağayev: “Azərbaycan regionda stabilliyin qorunmasında əsas paya sahib və söz sahibi dövlət kimi qeyd edilən amilləri həmişə ön planda saxlayır”
11 Dekabr 2013 15:29 Siyasət"Region və dünyanın müxtəlif yerlərində baş verən proseslərin biri-birinə bağlılığı var. Çünki həmin proseslərə Azərbaycan və onun qonşu dövlətlərinin öz münasibətləri var. Region dövlətlərinin Avropa İttifaqı ilə bu və ya digər şəkildə əlaqələri mövcuddur" - Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev "OLAYLAR"a açıqlamasında belə deyib. A.Ağayev bildirdi ki, Vilnüs sammitində birmənalı və qabaqcadan proqnozlaşdırılan şəkildə qərar verən Azərbaycan oldu. Azərbaycan verdiyi birmənalı qərarla özünü qınaq hədəfinə çevirməyə icazə vermədi. Nəticələrdən də bu açıq şəkildə bəlli oldu. A.Ağayev hesab edir ki, son illərdə Aİ və Azərbaycan XİN-nin nümayəndə heyəti arasında baş tutan görüşlər və verilən açıqlamalar göstərir ki, Azərbaycanın təşkilatla əlaqələri qaydalara uyğun şəkildə həyata keçirilir. Əlaqələr Azərbaycanın milli maraqlarının qorunub saxlanılması istiqamətində inkişaf edir. Rusiyanın Gömrük İttifaqını Azərbaycana təsirlərini dəyərləndirən A.Ağayev qeyd etdi ki, qurum Kreml tərəfindən hazırlanmış məlum proyektdir. Rusiya çalışır ki, qurumda region dövlətlərinin sayı artsın. Parlament rəsmisinin sözlərinə görə, Gİ ilə bağlı məsələlər yenicə təhlil müstəvisinə çıxarılanda Azərbaycandan rəsmi və ictimai rəydən münasibət bildirildi: "Məlum oldu ki, Azərbaycan Gömrük İttifaqında təmsil olunmayacaq. Aradan xeyli müddət keçməsinə baxmayaraq, Azərbaycanın Gİ ilə bağlı mövqeyində dəyişiklik yoxdur. Çünki Azərbaycan tərəfinin məsələ ilə bağlı verdiyi açıqlama bu ölkənin milli maraqları kontekstindədir. Azərbaycan həm beynəlxalq təşkilatlar, həm də xarici dövlətlərlə əlaqələrinə qarşılıqlı şəkildə üstünlük verir. Azərbaycan bloklara yaxınlaşmaq fikrində deyil. İstənilən bloklaşmalarda kompromtaksiyalar var. Azərbaycanın xarici siyasət xətti bu gün öz faydasını verir". İran-Azərbaycan əlaqələrinə də toxunan A.Ağayev İran və Azərbaycan arasında müqavilələr çərçivəsində qarşılıqlı öhtəliklərinin olduğunu dedi: "İran ətrafında yaranmış bütün vəziyyətlərdə Azərbaycanın üstün mövqeyi həmişə olub. Qərb və ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etdiyi, həmçinin bu ölkəyə hərbi müdaxilə ediləcəyi barədə məlumatların yayıldığı vaxtlarda belə Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qaldı. Azərbaycan tərəfi birmənalı şəkildə bildirdi ki, İrana qarşı fəaliyyətdə bu ölkə iştirak etməyəcək. Azərbaycan regionda nüvə silahlarının yayılmaması siyasətinə üstünlük verir. İran kimi hər bir ölkənin dinc məqsədlər üçün nüvə enerjisindən istifadə etmək hüququ var. Qərbdən İran üçün gələn təhlükələrin sovuşması region və Azərbaycan üçün daha yaxşı nəticələr ortaya qoyacaq. Azərbaycan regionda stabilliyin qorunmasında əsas paya sahib və söz sahibi dövlət kimi qeyd edilən amilləri həmişə ön planda saxlayır". ("OLAYLAR" İA)