Siyasi həmrəylikdən strateji əməkdaşlığa doğru - ÖZƏL
11:08 Siyasət"Azərbaycan ilə Fələstin arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq modeli kimi diqqət çəkir. Bu əlaqələrin əsas xüsusiyyətlərindən biri siyasi dialoqla yanaşı, humanitar həmrəyliyin və qarşılıqlı etimadın da davamlı şəkildə qorunmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Azərbaycan xalqı və dövləti hər zaman Fələstin xalqının yanında olub, ona dost və qardaş dəstəyi göstərib. Rəsmi Bakı Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqe nümayiş etdirərək BMT-nin qəbul etdiyi qərarlara uyğun "iki dövlət" prinsipini dəstəkləyir. Bu yanaşma Azərbaycanın xarici siyasətində beynəlxalq hüquqa və ədalətli həll mexanizmlərinə verdiyi önəmin ifadəsidir.
Son illərdə iki ölkə arasında siyasi əlaqələr daha da intensivləşib. Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana səfəri bu baxımdan mühüm hadisələrdən biri hesab oluna bilər. Səfər çərçivəsində Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlərdə siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, humanitar layihələr və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri geniş müzakirə edildi. Bu görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi mesaj kimi dəyərləndirilə bilər.
Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Bununla yanaşı, Azərbaycanın Fələstində məktəb tikintisini həyata keçirməsi və mütəmadi humanitar yardım göstərməsi münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, real layihələr və sosial təşəbbüslərlə dəstəkləndiyini nümayiş etdirir. Bu addımlar Fələstin xalqı ilə həmrəyliyin konkret ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan müsəlman dünyasının ayrılmaz bir hissəsi kimi İslam həmrəyliyinin möhkəmləndirilməsinə daim xüsusi önəm verib. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq ölkəmiz müsəlman dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı dəstəyin artırılması və ümumi problemlərin birgə həlli istiqamətində ardıcıl fəaliyyət göstərir. Fələstin məsələsində nümayiş etdirilən prinsipial mövqe də bu siyasətin mühüm tərkib hissəsidir.
Təsadüfi deyil ki, Fələstin xalqı və onun siyasi rəhbərliyi Prezident İlham Əliyevin nümayiş etdirdiyi qardaşlıq mövqeyini və Azərbaycanın humanitar təşəbbüslərini yüksək qiymətləndirir. Qarşılıqlı etimad, siyasi iradə və ortaq dəyərlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradır.
Mövcud dinamika göstərir ki, Azərbaycan-Fələstin əlaqələri gələcək dövrdə daha da genişlənəcək. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın inkişafı, humanitar layihələrin artırılması və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi münasibətlərin yeni məzmun qazanmasına şərait yaradacaq. Bunun üçün həm güclü siyasi iradə, həm də formalaşmış etibarlı tərəfdaşlıq mövcuddur".