Mübariz Əhmədoğlu: "Gürcüstan regional təhlükəsizliyin təmini ilə əlaqəli təşəbbüskarlıq nümayiş etdirməlidir"

Gürcüstan regional təhlükəsizliyin təmini ilə əlaqəli təşəbbüskarlıq nümayiş etdirməlidir. Bunu keçirdiyi brifinqdə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, Cənubi Qafqaz regionunun təhlükəsizliyinə olan təhdidlər real və qorxulu xarakter alır. Azərbaycan və Gürcüstanın maraqları üst-üstə düşdüyünə görə kəskinləşmiş vəziyyət hər iki dövlət üçün riski artırır: "Risk həm daxili, həm də xarici faktorlara görə Gürcüstan üçün daha çoxdur. ABŞ-ın RF-yə qarşı apardığı mübarizə soyuq hesablamalara deyil, emosionallığa söykənir. 2008-ci ilin hadisələri zamanı da ABŞ Gürcüstanı Rusiyanın üzərinə qızışdırdı, lakin sonradan lazım olan dəstəyi vermədi, ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünə ritorik dəstəyi Gürcüstana ABŞ üçün etdiyinin yanında heç nədir. Gürcüstan-Ermənistan münasibətlərinin xarakteri hədsiz ziddiyyətlidir, eləcə də Rusiya Ermənistana Gürcüstana hücum əmrini verə bilər. Ermənistan Rusiyanın heç bir göstərişindən imtina edə bilmir".
Politolq qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı geosiyasi mübarizəsi Gürcüstan üçün faciəvi sonluqla bitə bilər: "Gürcüstanın yeni hökumətinin gürcü dövlətçiliyinin, gürcü xalqının fundamental problemlərinin aradan qaldırılmasında mühüm rolu ola bilər. Ona görə Gürcüstanın yeni rəhbərliyi Ermənistanın regional siyasətdə tutduğu mövqeyi düzgün təhlil etməli, ABŞ -RF qarşıdurmasından düzgün nəticə çıxarmalıdır. Rəsmi Tbilisi regional təhlükəsizliyin təmini və regional inteqrasiyaya nail olmaq istiqamətində ciddi konsepsiya hazırlayıb, region dövlətlərinə təqdim etməlidir. Konsepsiyada regional münaqişələrin tənzimlənməsi mühüm yer tutmalıdır. Çünki regiona bütün bədbəxtçiliklər bu münaqişələr vasitəsilə gəlib, regional təhlükəsizlik və inteqrasiya yalnız bu münaqişələrin sayının azalması ilə mütənasib ola bilər".
M.Əhmədoğlunun fikrincə, Gürcüstan Ermənistanı danışıqlar və praktiki addımlarla başa sala bilər ki, dövlət müstəqilliyi hər hansı bir xalq üçün, o cümlədən erməni xalqı üçün bir parça torpaqdan daha vacibdir: "Nəticədə ermənilər dövlət müstəqilliklərini Dağlıq Qarabağa qurban vermək kursundan geri çəkilə bilər. Gürcü rəsmiləri erməniləri başa sala bilərlər ki, Ermənistana sahiblənmiş rəsmi Moskva Dağlıq Qarabağ problemini də RF-in maraqları əsasında həll edəcək. Rəsmi Tbilisi Lori vilayətinin Gürcüstana qaytarılmasını Ermənistana tövsiyə edə və inandıra bilər. Bu halda Gürcüstanın indiki rəhbərliyi Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması istiqamətində mühüm uğur əldə etmiş olar. Və ya rəsmi Tbilisi regional münaqişələrin həlli istiqamətində vahid konsepsiya hazırlayıb, Azərbaycana təqdim edə bilər. Praktiki addımlar bu konsepsiyanın əsas elementi olmalıdır". trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00